​"Report": Avrasiya İqtisadi Birliyinin vahid valyuta ideyası ciddi problemlərlə üzləşəcək

​"Report": Avrasiya İqtisadi Birliyinin vahid valyuta ideyası ciddi problemlərlə üzləşəcək AİB-in Avrozonaya bənzər çoxsaylı iqtisadi problemləri mövcuddur
Maliyyə
21 Mart , 2015 12:02
​Report: Avrasiya İqtisadi Birliyinin vahid valyuta ideyası ciddi problemlərlə üzləşəcək

Bakı. 21 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Belarus və Qazaxıstan liderlərinə Avrasiya İqtisadi Birliyinin (AİB) vahid valyutası barədə düşünməyə dəvət edib. Qeyd edək ki, liderlərin bu həftə Astanada keçirilən görüşündə hər iki ölkənin prezidenti Rusiya rublunun kəskin zəifləməsindən narahat olduqlarını bildiriblər. Onlar rublun zəifləməsindən ölkələrinin iqtisadi problemlərlə qarşılaşdıqlarını vurğulayıblar. Rusiya lideri isə cavabında vahid valyuta ittifaqı yaratmaq təşəbbüsünü irəli sürüb.

"Report"un analitik qrupu qeyd edir ki, dünən martın 20-də keçirilən Astana görüşündə Rusiya, Belarus və Qazaxıstan prezidentləri AİB-in yaradılması ilə bağlı fikirlərini paylaşıblar. Bu ittifaqa  Ermənistan yanvar ayının 2-dən tamhüquqlu üzv olaraq  qatılıb. Qırğızıstan da artıq Birliyə qoşulmaq istədiyini bildirib. V.Putinin təşəbbüsü ilə yaradılan bu geopolitik və iqtisadi layihə Avropa Birliyi ilə rəqabət aparmaq, postsovet məkanının müəyyən hissəsində kapitalın, malların və iş qüvvəsinin sərbəst hərəkətini təmin etmək niyyətindədir.

Astana görüşündə İttifaqın, xüsusilə Rusiya və Qazaxıstanın neft başda olmaqla ixrac etdiyi məhsulların qiymətindəki enmə ilə bağlı böyük sınaq qarşısında olduğu bildirilib. Həmçinin yarana biləcək iqtisadi problemlərin praktik həlli yollarının araşdırılması təklif olunub.

"Report"un ekspertləri qeyd edirlər ki, AİB-in Avropa Birliyi kimi bir çox iqtisadi problemi mövcuddur. Belə ki, hazırda AB-nin Yunanıstan problemi varsa, AİB-in Ermənistan, Belarus və Qırğızıstan problemi var. Bu üç ölkə demək olar ki, Qərb və Rusiyanın maliyyə yardımları ilə dolanır. AİB-ə qoşularlarsa hər üç ölkəyə xammal resurslarına sahib olan Rusiya və Qazaxıstan yardım etməli olacaq. Xammal qiymətləri isə hazırda o qədər enib ki, Rusiya və Qazaxıstan öz maliyyə-iqtisadi problemlərini çətinliklə həll edir. Qeyd edək ki, son bir həftədə Rusiyanın qızıl-valyuta ehtiyatları daha 5 mlrd. dollar azalaraq 351,7 mlrd. dollara düşüb. İlin əvvəlindən azalma 47,2 mlrd. dollar və ya 11,8 % olub. Maraqlıdır ki, əvvəllər sürətlə artan Rusiyanın qızıl-valyuta ehtiyatları ötən ilin əvvəlində hətta 500 mlrd. dollara çatıb, maksimal hədd isə 8 avqust 2009-cu ildə (598,1 mlrd. dollar) qeydə alınıb. Rusiyanın xarici borcu 2014-cü ilin sonuna 599 mlrd. dollar, daxili borcu isə 120 mlrd. dollar təşkil edib.

Açıqlanan rəqəmlər Avrasiya İqtisadi Birliyinin tam tərkibdə formalaşmasını xeyli çətinləşdirir. Formalaşsa da, onun ömrünün qısa olacağı göz qabağındadır.

Son xəbərlər

Orphus sistemi