Qlobal iqtisadiyyatdakı təlatümlər MDB məkanında qiymətlərə necə təsir edib?

Qlobal iqtisadiyyatdakı təlatümlər MDB məkanında qiymətlərə necə təsir edib? Dünya iqtisadiyyatını caynağına alan koronavirus pandemiyasının fəsadları, o cümlədən qlobal logistika zəncirindəki problemlər, enerji daşıyıcılarının çatışmazlığı qlobal inflasiyanı tətikləyən əsas faktora çevrilib. Qiymət artımı özünü bütün dünya üzrə g
Maliyyə
28 Dekabr , 2021 15:02
Qlobal iqtisadiyyatdakı təlatümlər MDB məkanında qiymətlərə necə təsir edib?

Dünya iqtisadiyyatını caynağına alan koronavirus pandemiyasının fəsadları, o cümlədən qlobal logistika zəncirindəki problemlər, enerji daşıyıcılarının çatışmazlığı qlobal inflasiyanı tətikləyən əsas faktora çevrilib. Qiymət artımı özünü bütün dünya üzrə göstərməkdədir və MDB məkanı da bu mənada istisna deyil.

Belə ki, Qazaxıstanda bu ilin noyabrında istehlak qiymətləri indeksi ilin əvvəlinə olan göstərici ilə müqayisədə 107,8 % təşkil edib. Ərzaq mallarının qiymətləri 9,2 %, qeyri-ərzaq mallarının 7,8 %, əhali üçün ödənişli qiymətlər 6 % artıb. Sənaye məhsullarına istehlakçı müəssisələrin müəyyən etdiyi qiymətlər 11 ayda 45 % artıb.

Cari ilin noyabrında təzə tərəvəzlərə - 8,3 %, yumurtaya – 2,1 %, una – 1,5 %, pasterizə edilmiş süd, yarma, makaron məmulatlarına – hərəsinə 1 %, bulka və un məmulatlarına – 0,9 %, çörək, qənd-şəkər tozu, kolbasa məmulatları, at ətinə - hərəsinə 0,8 %, quş ətinə - 0,7 % artım müəyyən edilib. Tütün məmulatları 1 %, alkoqollu içkilər 0,5 % bahalaşıb.

Dizel yanacağının qiyməti 14,6 %, balonlarda maye qaz 13,6 %, daş kömür 3,7 %, benzin 2,4 % artıb.

2021-ci ilin noyabrında istehlakçı müəssisələrin müəyyən etdiyi qiymətlər ondan əvvəlki ayla müqayisədə yulaf üçün – 4,8 %, qarabaşaq üçün – 3,3 %, buğdaya – 2,7 %, qarğıdalıya – 2,6 % artıb.

İstixana şəraitində yetişdirilən xiyarın qiyməti 10,4 %, çuğundurun – 6,4 %, istixana şəraitində yetişdirilən pomidorun – 5,6 %, kökün – 3,4 %, kartof və kələmin – hərəsinin 3,5 % artıb.

At əti və quş əti - 0,8 %, mal və qoyun əti – 0,3 % bahalaşıb. Xam inək südünün qiymətləri – 2,6 %, yumurtanın – 0,4 % artıb.

Bu ilin noyabr ayı üçün Belarusda məhsul və xidmətlərin istehlak qiymətləri ötən ilin dekabr ayından 9 % bahalaşıb. Belarus Statistika Komitəsinin məlumatlarına əsasən, inflyasiya tempinin aşağı düşdüyü göstərilir. Bununla belə, əsas malların qiymətlərinin qalxması tendensiyası hələ də qalmaqdadır. Ərzaq məhsulları son 11 ayda 10 %, illik hesablamada isə 11,8 % (ötən ilin noyabr ayı ilə müqayisədə) bahalaşıb.

Qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,5 %, 9,6 % və 10,1 % bahalaşıb. Xidmətlər - müvafiq olaraq 0,3 %, 6,6 % və 8,4 %. Ümumilikdə noyabr ayında qiymətlərin illik artımı 0,2 faiz bəndi azalaraq 10,3 % təşkil edib.

Cari ilin noyabr ayında Belarusda mühüm idxal mallarının və yüksək idxal komponenti olan malların qiymətlərində illik artımın sürətlənməsi qeyd edilib. Dənli bitkilər və paxlalılar (illik ifadədə oktyabrda 6,1 %-dən noyabrda 8,6 %-ə qədər), balıq və balıq məhsulları (10,8 %-dən 12,4 %-ə qədər), o cümlədən bəzi qeyri-ərzaq məhsulları. Məsələn, ayaqqabıların qiymətlərinin artımı bir ay əvvəlki 2,9 %-dən 5,1 %-ə, divar kağızlarının qiymətlərinin 5,5 %-dən 7,9 %-ə, sintetik yuyucu vasitələrin qiymətlərinin 9 %-dən 11,8 %-ə qədər artıb. Bundan əlavə, ət və ət məhsullarının bahalaşması davam etməkdədir (illik ifadədə oktyabrda 14,3 %-dən noyabrda 14,6 %-ə qədər).

Ay ərzində, həmçinin avtomobil yanacağının (0,5 %), arağın (0,3 %), tütün məmulatının (0,4 %), tibbi xidmətlərin tariflərində (0,5 %) bahalaşma müşahidə olunub.

Borş 3 dəfəyə yaxın bahalaşıb

Ukraynada 2021-ci ildə, xüsusən ilin ikinci yarısında yerli istehsal olan demək olar bütün məhsullara qiymətlər artıb. Bu ilin noyabrında Ukraynada sənaye inflasiyası 60,7 % təşkil edib. Bu, 1996-cı ildən bu yana ən yüksək göstəricidir. Yəni sonuncu dəfə bu cür inflasiya milli valyuta olan qrivna dövriyyəyə buraxılandan əvvəl qeydə alınıb.

İstehlak inflyasiyası noyabr ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,3 % təşkil edib.

Ərzaq məhsullarından mal əti 18 %, toyuq filesi 22 %, yerli bazarda əhəmiyyətli məhsul hesab olunan salo rekord həddə 20 %-dən çox, süd 4 %, süd məhsulları 15,3 %, yağ 35 %, un 26 %, çörək və çörək məhsulları 19,9 %, yumurta 54 %, şəkər 32,8 % artım nümayiş etdirib.

2021-ci ilin noyabr ayının sonuna mövcud məlumata görə Ukraynada 2020-ci ilin eyni müddətinə olan göstərici ilə müqayisədə qarabaşaq 50 % bahalaşıb.

Bu il Ukraynada xüsusi meyar kimi götürülən borş məhsullarından soğan 2 dəfə, kələm və çuğundur 69 %, kartof 15 % qiymət artımı göstərib. Beləliklə borş bir ildə 2,8 dəfə bahalaşıb. Bununla yanaşı sarımsak 68 %, bibər 30 % bahalaşıb.

İl ərzində mədən sənayesində 55,7 %, o cümlədən kömürçıxarmada 53,6 %, neft-qazçıxarmada 74,5 %, dəmir filizində 37,7 %, emal sənayesinə 28,3 % qiymət artımı olub.

İstehsalın digər sahələri üzrə 2021-ci ildə toxuculuq məhsullarında 3,7 %, ağacdan istehsal olunan kağız və poliqrafiya məhsullarında 23,4 %, əczaçılıq məhsullarında 14,4 %, qeyri-metal məhsullarda 19,2 %, metallurgiyada 45,7 %, maşınqayırmada 16,3 %, kompüter və elektrotexnikada 2,7 %, nəqliyyat vasitələrində 18,2 % qiymət artımı olub.

Enerji və qaz təchizatında artım 174 %, neft emalı sənayesi və koks istehsalında 112,3 %, neft və qaz hasilatında 74,5 %, kimya sənayesində 68,5 %, təşkil edib.

Ukraynada qiymət artımına təsir edən əsas bir neçə amil var. Bunlara eyni məhsullara dünya bazarında qiymətlərin artması fonunda məhsulun ixraca cəlb olunması ilə yerli bazarda təklifin azalması, dünya bazarında taxıl, qarğıdalı və günəbaxana tələbatın artması ilə əlaqədar daha çox torpaqların bu məhsulların yetişdirilməsinə cəlb olunması ilə digər məhsulların azalması, enerji qiymətlərində kəskin artım və qismən minimal əmək haqqının 1 dekabr tarixindən artırılmasını aid etmək olar.

Əsas ərzaq məhsullarının qiymətlərinin dünya bazarında artması, o cümlədən ilin əvvəli ilə müqayisədə Tacikistanda “Aİ-92” markalı benzininin qiymətinin 80 %, dizelin və maye qazın hərəsinin 70 % artması qeyri-ərzaq məhsullarının bahalaşmasını şərtləndirən əsas səbəblərdən biri olub.

Cari ilin 11 ayı ərzində ərzaq məhsullarının pərakəndə satışında artım bu cür olub: Tərəvəz 14,4 %, yağ və piylər 21,4 %, ət məhsulları 16,3 %, çörək məmulatları və yarma 4 % artıb.

Hesabat dövründə şəhərdaxili sərnişin avtobusunda bir gediş 17,9 %, mikroavtobusda - 45 %, restoran və mehmanxanaların xidmətləri 3,7 % bahalaşıb.

Moldovanın Milli Statistika Bürosunun məlumatına əsasən, 2021-ci ilin noyabr ayında 2020-ci ilin noyabr ayına nisbətən orta istehlak qiymətləri (son 12 ayda) 12,44 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,49 %, qeyri-ərzaq mallarının qiymətləri 11,28 %, əhaliyə göstərilən xidmətlərin qiymətləri 9,65 % bahalaşıb.

Bu ilin noyabr ayında orta istehlak qiymətləri 2021-ci ilin oktyabr ayına nisbətən 3,5 % (2020-ci ilin noyabr ayında 2020-ci ilin oktyabr ayına nisbətən qiymətlər 0,16 %) bahalaşıb.

2021-ci ilin noyabr ayında 2021-ci ilin oktyabr ayına nisbətən qiymətlər, xüsusilə aşağıdakı ərzaq məhsullarının qiymətləri bahalaşıb: toyuq yumurtası 11,4 %, tərəvəz 10 %, kartof 9,2 %, qarğıdalı unu 4,4 %, şəkər 4,1 %, yağ 4 % (o cümlədən bitki yağı - 4,3 %, kərə yağı - 3,6 %), şokolad və kakao məmulatları 3,9 %, buğda unundan çörək 2,8 %, süd və süd məhsulları 2,5 %, düyü 2,1 %, ət 2%-dək.

Eyni zamanda, hesabat dövründə qeyri-ərzaq mallarında 2021-ci ilin oktyabr ayı ilə müqayisədə bu ilin noyabr ayı üzrə əhəmiyyətli qiymət artımı qeydə alınıb: xalçalar 6 %, yanacaq-sürtkü materialları 2,9% (xüsusilə: alışqanlar və biokütlə qranulları 13,6 %), fərdi avtomobillər üçün digər yanacaq növləri (sıxılmış təbii qaz və mayeləşdirilmiş təbii qaz) 12,2 %, kömür 9,1 %, odun 4,7 %, mayeləşdirilmiş qaz, qablaşdırılmış qaz 3,4 %, dizel yanacağı 1,2 %, benzin 0,9 %, informasiya emalı avadanlığı 2,7 %, mebel və məişət avadanlıqları 2,1 %, ayaqqabı 2 %, yüksək tutumlu məişət texnikası 1,7 %, geyim - 1,4 %.

Əhaliyə göstərilən xidmətlərə görə 2021-ci ilin noyabr ayında 2021-ci ilin oktyabr ayı ilə müqayisədə mənzil-kommunal xidmətlərinin qiymətləri (tariflər) 19,7 % (xüsusilə: magistral qaz 80,6 %, mərkəzi istilik sistemi 18,7 %, isti su tarifləri 11,4 %), taksi sərnişindaşıma xidmətləri 7,7 %, sürücülük vəsiqəsinin alınması üzrə ixtisasartırma kursları 5,6 %, mobil telefon xidmətləri 3,7 %, bərbər və bədən estetikasının xidmətləri 2,7 %, ictimai iaşə xidmətləri 1,2 %, şəhər avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətləri 0,6 % bahalaşıb.

Qırğızıstanda bu ilin noyabr ayında dekabr ayı ilə müqayisədə inflyasiyanın səviyyəsini xarakterizə edən istehlak qiymətləri indeksi 9,7 % artıb. Ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 11 %, spirtli içkilərin və tütün məmulatlarının qiymətləri 10,8 %, qeyri-ərzaq mallarının qiymətləri 10 %, əhaliyə göstərilən xidmətlərin tarifləri 5,1 % bahalaşıb.

Bu ilin noyabr ayında Ermənistanda illik inflyasiya 9,6 % təşkil edib. Hesabat dövründə ərzaq məhsulları və alkoqolsuz içkilər 16,9 %, alkoqollu və tütün məmulatları 9,5 %, geyim və ayaqqabı 12,1 %, kommunal xidmətlər 1,6 %, məişət texnikası 8,7 % bahalaşıb. Səhiyyə sahəsində qiymət artımı 4,5 %, nəqliyyat – 8,5 %, istirahət və mədəniyyət 11,5 %, restoran və mehmanxana 4,7 %, təhsil 1,4 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi