Qiymətli kağızlar bazarının yeni iştirakçıları hansı perspektivi vəd edir?

Qiymətli kağızlar bazarının yeni iştirakçıları hansı perspektivi vəd edir? Ölkə iqtisadiyyatlarının inkişafını şərtləndirən vacib elementlərdən biri iqtisadi subyektlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması və resursların diversifikasiya edilməklə istifadəsində səmərəliyin artırılmasıdır. Bu baxımdan, kapital resursl
Maliyyə
279
21 Sentyabr , 2020 14:48
Qiymətli kağızlar bazarının yeni iştirakçıları hansı perspektivi vəd edir?

Ölkə iqtisadiyyatlarının inkişafını şərtləndirən vacib elementlərdən biri iqtisadi subyektlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması və resursların diversifikasiya edilməklə istifadəsində səmərəliyin artırılmasıdır. Bu baxımdan, kapital resurslarının iqtisadiyyatın müxtəlif sahələrində effektiv istifadəsi iqtisadi artımı şərtləndirən əsas amillərdəndir və bu resurlasların əldə edilməsində qiymətli kağızlar bazarının rolu danılmazdır.

Dünya səviyyəsində maliyyə bazarlarının tərkib hissəsi olan qiymətli kağızlar bazarının həcmi gün keçdikcə artmaqdadır. Hazırda bu bazarlarda ticarət olunan qiymətli kağızların həcmi trilyonlarla ABŞ dolları həcmindədir. Sadəcə ABŞ-ın səhm bazarının ümumi dəyəri 30 trilyon ABŞ dolları, istiqraz bazarının ümumi dəyəri isə 40 trilyon ABŞ dolları həcmindədir. Sual oluna bilər ki, investorları və emitentləri (istiqraz buraxan tərəf) bu bazarlara cəlb edən əsas amillər hansılardır?

Bu növ bazarların investorlar üçün əsas üstünlüklərindən biri likvid bazarlar olmasıdır. Yəni, investisiya etdiyiniz kapital hər hansı əmlaka deyil qiymətli kağıza yatırılır və investor  pula ehtiyac duyduqda qiymətli kağızı ən qısa zamanda birjada sata bilir. Bundan əlavə, qiymətli kağız fiziki olaraq amortizasiya olunmur, eyni zamanda onun saxlanması əlavə xərc tələb etmir. Digər tərəfdən, əlinizdə olan qiymətli kağızı təminat kimi bankdan kredit götürdükdə istifadə edə bilirsiz.

Qiymətli kağız buraxılışının şirkətlərə verdiyi ümumi üstünlüklər isə şirkətlərin ölkə, regional və ya dünya maliyyə bazarlarında tanınması, həmçinin maliyyələşmə imkanlarını genişlətməklə fəaliyyətlərinin səmərəliyini artırmaqdır.  Qiymətli kağızlar bazarının inkişafında 3-cü tərəf kimi dövlətin rolunu qeyd etmək vacibdir. Dövlət maliyyə bazarlarını inkişaf etdirməklə şəffaflığın və qeyri-neft sektorunun artımına, habelə sahibkarlıq fəaliyyətinin inkişafına münbit şərait yaradır. Bu mənada dünya praktikasında ilkin kütləvi təklif edən şirkətlərə dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunur.

Ölkəmizdə həyata keçirilən davamlı və dayanıqlı iqtisadi siyasətin təzahürü kimi kapital bazarlarının əhəmiyyətli rolunu göstərmək olar. Belə ki, dövlətin həyata keçirdiyi maliyyə siyasətinin tərkib hissəsi olan qiymətli kağızlar bazarının inkişafı maliyyə alətlərinin müxtəlifliyini və maliyyə bazarlarının dərinliyini təmin etməklə qeyri-neft sektorunun əhatəsini genişləndirir. Hazırda dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən şirkətlərin qiymətli kağızlar bazarına olan marağı gün keçdikcə artır. Məsələn, səhmləri dövlətə məxsus “AzerGold” QSC-nin qiymətli kağızlarının ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsi buna bariz nümunədir.

Qiymətli metalların hasilatı sahəsində qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold”un təklif edəcəyi istiqrazlar şirkətin maliyə mənbələrinin şaxələnməsinə və resursların yeni layihələrin icrasına yönəldilməsinə, ölkənin qiymətli kağızlar bazarının inkişafına, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində koronavirus pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirləri fonunda az riskli, yüksək gəlirli qazanc əldə etmək fürsəti verəcək. Üstəlik, vətəndaşların, fiziki və hüquqi şəxslərin “AzerGold” istiqrazları ilə milli iqtisadiyyat və dağ-mədən sənayesinin tərəqqisinə töhfə vermək kimi bir şansı yaranacaq.

İstər institusional (banklar, sığorta şirkətləri, investisiya şirkətləri), istərsə də fərdi investorlar (fiziki şəxslər) ilkin kütləvi təklif olunan bazardan “AzerGold” istiqrazlarını almaqla illik 4% gəlir əldə edəcəkdir. İstiqrazların nominal dəyərinin 100 ABŞ dolları, müddətinin 3 illik, həcminin isə 20 000 000 ABŞ dolları olması gözlənilir. İstiqrazların satışı "Bakı Fond Birjası" QSC-də hərrac vasitəsilə həyata keçiriləcək. İnvestorlara faizlərin ödənilməsi il ərzində 4 dəfə olmaqla rüblük nəzərdə tutulur. Sadalanan şərtlər hazırda ölkənin maliyyə bazarı üçün ən əlverişli təkliflərdən hesab olunur.

“AzerGold”un istiqrazlarını əldə etməklə investorlar sabit gəlir əldə etmək, müddət sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ əldə edir. Qeyd olunan istiqrazları əldə etməklə investorlar bankların ABŞ dolları üzrə depozitlərin orta faiz dərəcəsindən daha artıq gəlir əldə etmək  imkanı vardır. Bununla yanaşı Cəmiyyətin fəaliyyətinin nəticələrinin yüksək mənfəətliliklə müşayət olunması onun daha etibarlı və dayanıqlı olmasına əsas verir.

İqtisadçı-ekspert Ruslan Babayev

Son xəbərlər

Orphus sistemi