Bakı. 13 aprel. REPORT.AZ/ Son iki il ərzində Rusiya "Qazprombank"ının Azərbaycan ilə əməkdaşlığına xüsusi diqqət yetirilib. "Report" xəbər verir ki, bunu "Qazprombank"ın Bakıya səfərə gələn biznes missiyasının toplantısında çıxış edən Bankın I vitse-prezidenti Aleksandr Kaznaçeyev bildirib.
O xatırladıb ki, Bank Rusiya-Azərbaycan İşgüzar Şurasının üzvü olub: "Azərbaycanla həm ticarət-iqtisadi, həm də sərmayə sahəsində bir sıra məsələlər müzakirə olunub". A.Kaznaçeyev bu çərçivədə SOCAR-la əməkdaşlığı da xüsusi qeyd edib.
Bank rəsmisi bildirib ki, "SOCAR Polymer" layihəsi unikal layihədir və bu layihədə uğurlu əməkdaşlıq var: "Azərbaycanla münasibətimiz göstərir ki, buraya sərmayə yatıra bilərik. Burada ən mürəkkəb, unikal layihələri həyata keçirə bilərik".
O həmçinin qeyd edib ki, "Qazprombank" Azərbaycan müəssisələrinə ən mürəkkəb texnologiyaları təqdim edə bilər: "İki illik əməkdaşlıq onu deməyə əsas verir ki, gələcəkdə biznesin inkişafına dəstək verə bilərik. Biz Azərbaycanda böyük uğurlara imza atırıq. Azərbaycan şirkətləri üçün perspektivlər mövcuddur".