Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Qala Sığorta" ASC-nin yığımları 3 447 735 manat təşkil edib.
Bu barədə "Report"a şirkətdən məlumat verilib.
Bildirilib ki, bu, yanvar-iyun aylarının yekunu ilə müqayisədə cəmi 133 manat çoxdur. Bu məbləğ şirkətə yük sığortası hesabına daxil olub.
"Qala Sığorta" ötən ilin ilk 7 ayında praktiki olaraq fəaliyyət göstərmədiyindən və sığorta haqqı toplamadığından onun son bir il üzrə daxilolmalarının dinamikasını hesablamaq mümkün olmayıb.
Bu il isə "Qala Sığorta"nın ödənişləri olmayıb. Şirkətdə bunu sığorta hadisəsinin baş verməməsi ilə izah edirlər. Xatırladaq ki, ötən ilin eyni dövründə "Qala Sığorta" 39 810 manat ödəniş edib.
Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.