Bakı. 12 yanvar. REPORT.AZ/ Qlobal kriptovalyuta bazarında böyük çöküş proqnozlaşdırılır.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu "Wall Street"də fəaliiyət göstərən "Quinlan & Associates" konsaltinq şirkəti verib.
Şirkətin hesabatında bildirilir ki, bitkoinin qiyməti cari ilin dekabr ayınadək hazırkı səviyyədən, təqribən, 8 dəfə azalaraq 1 800 dollara enə bilər. 156 səhifəlik hesabatda bitkoinin qızıl kimi investisiya vasitəsi və ödəmə aləti funskiyası olaraq dəyərindən çox baha olduğu bildirilib: "İstehsal xərcləri və dəyər saxlama vasitəsi baxımından bitkoinin 2 161 dollar və 687 dollar qiyməti olduğu hesablanıb".
Daha sonra qanuni satışda və "qara bazar"da istifadə olunma amillərini hesablamalara qatmaqla bitkoinin 1 780 dollar qiyməti olduğu ortaya çıxıb. Hesabatda qeyd olunub ki, kriptovalyuta bazarının kapitallaşmasının ilin sonunadək 70% daralaraq 223 mlrd. dollara enməsi gözlənilir.