“Premium Bank”ın mənfəəti 74% azalıb

“Premium Bank”ın mənfəəti 74% azalıb “Premium Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 654,123 milyon manat təşkil edib.
Maliyyə
19 Aprel , 2019 15:47
“Premium Bank”ın mənfəəti 74% azalıb

“Premium Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 654,123 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 32,7% çoxdur.

“Premium Bank”ın aktivlərinin 588,035 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 47% böyüyüb.

Hesabat dövründə “Premium Bank”ın cəmi öhdəlikləri 42,2% artaraq 516,815 milyon manata, o cümlədən depozit portfeli 43,2% artaraq 465,049 milyon manata, Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi isə 28,6% artaraq 22,5 milyon manata, Bankın cəmi kapitalı isə 6% artaraq 137,309 milyon manata çatıb.

Bu ilin I rübündə “Premium Bank”ın faiz gəlirləri 10,948 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 47,1% çox), faiz xərcləri 4,653 milyon manat (39,4% çox), qeyri-faiz gəlirləri 4,745 milyon manat (4,5% çox), qeyri-faiz xərcləri 8,4 milyon manat (19,4% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar üzrə qənaəti 375 min manat (96,3% az) təşkil edib. Son nəticədə Bank rübü 3,015 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,2% azdır.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bank bir qədər əvvəl “Silk Vey Holdinq” MMC-nin tərkibindən çıxıb

Son xəbərlər

Orphus sistemi