"Petkim"in avrobond emissiyasına rəsmi icazə verilib

"Petkim"in avrobond emissiyasına rəsmi icazə verilib Nominal üzrə ümumi həcmi 500 mln. dollar olan istiqraz emissiyasının xaricdə yerləşdirilməsi planlaşdırılır
Maliyyə
25 Dekabr , 2017 10:46
Petkimin avrobond emissiyasına rəsmi icazə verilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Türkiyənin Sərmayə Bazarı Qurumu əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in avrobond emissiyası üçün müraciətinə müsbət cavab verib.

“Report” xəbər verir ki, bu barədə Şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayıb.

Ümumi nominal dəyəri 500 mln. ABŞ dolları olan istiqraz emissiyasının xaricdə yerləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün oktyabrın 27-də İdarə Heyətinin qərarına əsasən 500 mln. dollara qədər istiqraz emissiyası planlaşdırdığı barədə məlumat yaymışdır.

Bildirilib ki, avrobond emissiyasının yerləşdirilməsindən əldə ediləcək vəsaitdən əlavə resurslara ehtiyac olarsa, STAR-da pay almaq üçün əlavə mənbələrdən də istifadə ediləcək.

Daha əvvəl qeyd olunub ki, “Petkim” STAR zavodunda dolayı olaraq 7-9% pay almaq istəyir. Məlumata əsasən, bunun üçün "Petkim Holding" "SOCAR Turkey Enerji"dən sahib olduğu "Rafineri Holding"də 12-14% almağı planlaşdırır. Son açıqlamada isə bu faizlərin dəyişə biləcəyi qeyd edilib.

2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.