“Petkim” İrlandiya birjasında 500 mln. dollarlıq avrobond yerləşdirib

“Petkim” İrlandiya birjasında 500 mln. dollarlıq avrobond yerləşdirib Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in İrandiya Fond Birjasında 500 mln. ABŞ dolları məbləğində avrobondu yerləşdirilib.
Maliyyə
26 yanvar 2018 16:25
“Petkim” İrlandiya birjasında 500 mln. dollarlıq avrobond yerləşdirib

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in İrandiya Fond Birjasında 500 mln. ABŞ dolları məbləğində avrobondu yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

Məlumata əsasən, tədavül müddəti 5 il olan avrobondun illik gəlirliliyi 5,875% nəzərdə tutulub. Avrobondun satış qiyməti nominal dəyərinin 99,467%-i qədər müəyyənləşib.

Faiz ödənişləri 26 iyul 2018-ci ildən etibarən 6 ayda bir dəfə olmaqla müddət başa çatanadək hər il 26 iyul və 26 yanvarda həyata keçiriləcək.

Bu avrobond emissiyası ilə əlaqədar olaraq, “Goldman Sachs International”, “J.P. Morgan Securities Plc.”, “Citigroup Global Markets Ltd.”, “Societe Generale” və “VTB Capital Plc.” səlahiyyətləndirilib.

Qeyd edək ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün ötən il oktyabrın 27-də İdarə Heyətinin qərarına əsasən, 500 mln. dollara qədər avrobond emissiyası planlaşdırdığı barədə məlumat yayıb. Noyabr ayında isə Sərmayə Bazarı Qurumuna müraciət edib. Ötən ilin dekabrın sonunda Türkiyənin Sərmayə Bazarı Qurumu “Petkim Holding”in avrobond emissiyası üçün müraciətinə müsbət cavab verib.

Bu il yanvarın əvvəlində "Petkim Holding" "SOCAR Turkey Enerji A.Ş" dən "Rafineri Holding"in 30% hissəsini 720 mln. ABŞ dollarına satın almaqla bağlı saziş imzalayıb. Sazişə əsasən, "Petkim" STAR-da dolayı olaraq 18% pay sahibi olacaq.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

Son xəbərlər

Orphus sistemi