Bakı. 4 aprel. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi - “PAŞA Yatırım Bankası”nın rəhbərliyi dəyişib.
“Report” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir ki, Bankın İdarə Heyətinin (İH) sədri Ağa Ali Kamalov vəzifəsindən azad edilib. Onun yerinə Bankın İH-nin üzvü Cəlal Qasımov təyin edilib.
Bundan başqa, İH-nin müstəqil üzvü Sürəyya Serdengeçti də vəzifəsindən kənarlaşdırılıb. Əvəzində İH-yə iki yeni üzv – Fərid Məmmədov və Meric Uluşahin seçilib.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" iki il öncə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.