Bakı. 30 mart. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin 2018-2020-ci illər üzrə yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib.
“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, təşkilati strukturun yenilənməsi ilə bağlı olaraq öncə “PAŞA Bank”ın İdarə Heyətinin (İH) üzvü və sədr müavini vəzifəsini tutan Cavid Quliyev eyni zamanda Bankın baş kommersiya inzibatçısı, İH-nin üzvü və baş maliyyə inzibatçısı vəzifəsində çalışan Xəyalə Nağıyeva baş risk inzibatçısı, Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutan Bəhruz Nağıyev İH-nin üzvü və baş maliyyə inzibatçısı, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin baş direktoru olmuş Cəlal Orucov isə İH-nin üzvü və baş əməliyyat inzibatçısı vəzifələrinə təyin edilib.
"PAŞA Bank"ın Müşahidə Şurasının (MŞ) tərkibində də dəyişikliklər baş verib. Belə ki, bankın daxil olduğu "PAŞA Holdinq" MMC-nin biznesin inkişafı üzrə direktoru və icraçı direktorunun müavini Şahin Məmmədov MŞ-nın üzvü seçilib.
"PAŞA Bank"ın İH-nin sədri Taleh Kazımovun sözlərinə görə, bu yeniliklər ilk növbədə bankın 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində gələcək uğurlu inkişafını təmin etməyə yönəlib: "Növbəti 3 il ərzində "PAŞA Bank" diqqətini biznes fəaliyyətinin rəqəmsal komponentinə, o cümlədən müştərilərin rəqəmsal kanallar vasitəsilə xidmətlə təmin olunmasına və biznes proseslərin müvafiq transformasiyasına yönəldəcək. Əminəm ki, nəzərdə tutduğumuz planların həyata keçirilməsi təmin etdiyimiz müştəri xidmətlərinin operativliyinə və keyfiyyətinə və yerli bazarda bankın maliyyə mövqeyinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək".