​"PAŞA Bank"a yeni sədr təyin olunub

​"PAŞA Bank"a yeni sədr təyin olunub "PAŞA Bank"ın İdarə Heyətinin sədri vəzifəsinə Taleh Kazımov təyin olunub
Maliyyə
29 İyun , 2015 12:53
​PAŞA Banka yeni sədr təyin olunub

Bakı. 29 iyun. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin sədri vəzifəsinə İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov təyin olunub.

"Report"un verdiyi xəbərə görə, bu təyinatdan əvvəl "PAŞA Bank"a Fərid Axundov rəhbərlik edib. F.Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam etdirəcək.

T.Kazımov yeni vəzifəsinin icrasına iyulun 1-də başlayacaq.

"PAŞA Bank"da rəhbərliyin dəyişdirilməsi barədə hələ bir müddət əvvəldən mətbuatda yayılan məlumatlar Bankın mətbuat xidməti tərəfindən təkzib olunsa da, F.Axundovun sözlərinə görə, rəhbərliyin dəyişdirilməsi haqqında qərarın qəbul edilməsi və kollektivin bu qərar haqda məlumatlandırılması 2014-cü ilin fevralnda baş tutub.

T.Kazımov isə 2015-2017-ci illəri əhatə edən strategiyanın uğurla həyata keçiriləcəyinə və Azərbaycan-Türkiyə-Gürcüstan iqtisadi üçbucağı çərçivəsində Bankın parlaq gələcəyinə əminliyini bildirib.

Qeyd edək ki, T.Kazımov Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirib, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və ABŞ-ın Corciya Dövlət Universitetində kommersiya üzrə dərəcə alıb. Həmçinin, 2013-cü ildə T.Kazımov London Biznes Məktəbi (Böyük Britaniya) və Harvard Biznes Məktəbinin (ABŞ) məzunu olub.

Xatırladaq ki, yeni sədr 2001-2007-ci illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışmış və auditor fəaliyyəti ilə məşğul olub. "PAŞA Bank"da öz karyerasına Risklərin idarə olunması Departamentinin meneceri kimi başlayıb, 2011-ci ilin dekabrında İdarə Heyətinin üzvü və baş investisiya inzibatçısı seçilib. Son təyinata qədər onun tabelçiliyində korporativ və KOS-bankinq istiqamətləri, investisiya bloku, ticarətin və ixracın maliyyələşdirilməsi, kredit menecmenti sahələri olub. 

Son xəbərlər

Orphus sistemi