Pandemiya sığorta bazarının mənzərəsini necə dəyişəcək?

Pandemiya sığorta bazarının mənzərəsini necə dəyişəcək? Koronavirus pandemiyasının yayılması dünya ölkələrində müxtəlif iqtisadi sahələrin fəaliyyətinə mənfi təsir göstərib. Azərbaycanda da virus yayılandan sonra bir sıra sektorlar öz fəaliyyətini tam və ya qismən məhdudlaşdırıb. Bu isə həmin biznes sahələri ilə bilavasitə bağlılığı olan sahələrin də pandemiyadan təsirlənməsini qaçılmaz edir. Belə iqtisadi sektorlardan biri də sığorta bazarı hesab olunur.
Maliyyə
13 May , 2020 19:17
Pandemiya sığorta bazarının mənzərəsini necə dəyişəcək?

Koronavirus pandemiyasının yayılması dünya ölkələrində müxtəlif iqtisadi sahələrin fəaliyyətinə mənfi təsir göstərib. Azərbaycanda da virus yayılandan sonra bir sıra sektorlar öz fəaliyyətini tam və ya qismən məhdudlaşdırıb. Bu isə həmin biznes sahələri ilə bilavasitə bağlılığı olan sahələrin də pandemiyadan təsirlənməsini qaçılmaz edir. Belə iqtisadi sektorlardan biri də sığorta bazarı hesab olunur.

Əgər birinci rüb üzrə sığorta bazarının göstəricilərinə nəzər salsaq, nisbətən müsbət mənzərənin şahidi oluruq. Belə ki, ilin birinci rübü ərzində bazar üzrə 240,8 mln manat sığorta haqqı toplanıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artım deməkdir. Yanvar ayında 112,03 mln manat sığorta haqqı toplanıbsa, fevralda bu göstərici 70,3% artaraq 190,7 mln manat, mart ayında isə artım 26,2% təşkil edib.

Lakin nəzərə alaq ki, pandemiyanın daha geniş yayılması və bununla bağlı izolyasiya və karantin qaydalarının tətbiqi daha çox ilin ikinci rübünə təsadüf edir. Bəs görəsən ikinci rübün yekunlarında sığorta bazarının göstəricilərində hansı nəticələrlə qarşılaşa bilərik?

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin sədri Azər Əliyev də “Report”a açıqlamasında sığorta bazarının pandemiyadan necə təsirlənməsi ilə bağlı fikirlərini bölüşərək bildirib:

“Sığorta bazarı üzrə birinci rübün hesabatlarında bazar üzrə artım müşahidə olundu. Lakin nəzərə alaq ki, birinci rübdə hələ pandemiya yeni yayılmağa başlamışdı. Odur ki, biz koronavirusun sığorta bazarına hansı formada təsir göstərməsini ikinci rübün yekunlarından sonra deyə bilərik. Hələ ki, bu barədə fikir bildirmək tezdir. Bir müddət öncə sığorta şirkətləri ilə Mərkəzi Bankın nümayəndələri arasında videokonfrans keçirildi. İş prosesinin tənzimlənməsi barədə Nazirlər Kabinetinin təklifləri və Mərkəzi Bankın tövsiyələri sığortaçılara təqdim edildi”.

 Assosiasiya sədri bildirib ki, əksər sığorta şirkətləri pandemiya dövründə yeni məhsul təqdim etməkdə passivlik nümayiş etdirib:

“Pandemiya dövründə “Atəşgah” sığorta şirkəti yeni antikoronavirus məhsulu təqdim edib. Hazırda bu məhsulun satılması istiqamətində işlər aparılır. Digər sığorta şirkətləri isə bu istiqamətdə bir az passivdirlər. Onların əksəriyyəti öz fəaliyyətini KASKO sığorta məhsulu üzərində qurmağa çalışırlar”.

“Avand Broker” sığorta agentliyinin Müşahidə Şurasının sədri Orxan Həsənov bildirib ki, sığorta sektoru ictimai-iqtisadi həyatda baş verən dəyişiklikləri çox həssas qarşılayır:

“Pandemiya ilə bağlı sığorta bazarında azalmaların olması real görünür. Çünki sığorta sektoru belə dəyişiklikləri çox həssas qarşılayır. İş adamları işləmədiyi təqdirdə sığorta sektoru da istər-istəməz zəifləyir.

Artıq, demək olar ki, avtomobili olan hər kəs icbari sığorta olunub. Çünki bu sığorta növü üzrə cərimələnmə mexanizmi var. Amma digər sahələrdə belə bir mexanizm yoxdur. Belə olduqda isə biznesi zəifləyən iş adamı sığorta haqqı ödəməkdən çəkinir. Bizdə hələ sığorta mədəniyyəti və insanların məlumatlılıq səviyyəsi yüksək səviyyədə deyil”.

Ekspert hesab edir ki, 2020-ci il sığorta bazarı üçün o qədər də uğurlu olmayacaq:

“Pandemiya təqribən fevral ayından yayılmağa başladı və ilin birinci rübündə bazara bir o qədər də təsir göstərmədi. Hətta birinci rübü bəzi şirkətlər artımla başa vurdular. İkinci rübün yekununda isə sığorta bazarında ciddi azalmalar olacaq. Bu azalmaların faiz nisbəti pandemiyadan sonra biznesin özünü nə dərəcədə tez bərpa etməsindən asılı olaraq dəyişəcək. Kafe və restoranlar hələ də işləmirlər. Bu o deməkdir ki, həmin obyektlərin sığortasından da söhbət gedə bilməz. Biznes özünü nə qədər tez bərpa etsə, sığorta sektoruna dəyən ziyan da bir o qədər az olacaq.

Hesab edirəm ki, əsasən əmlak sığortaları üzrə ciddi azalmalar olacaq. Tibbi sığortalar da azalacaq. Turizm sektoru fəaliyyət göstərmədiyi üçün səyahət sığortaları da, demək olar ki, dayanıb. Hansı sahədə pandemiya ilə bağlı biznes dayanıbsa, o sahələrin sığortası da, demək olar ki, yoxdur. Bu da özlüyündə sığorta bazarında azalmaların olması deməkdir. Hazırkı dövrdə banklar istehlak deyil, biznes kreditlərinə yönəlirlər ki, bu da fərdi qəza sığortalarını azaldacaq. Həmin kredit növləri üzrə qoyulan girovların sığortası azalacaq. Bir sözlə 2020-ci il sığorta bazarı üçün o qədər də uğurlu olmayacaq.

Sektorda konkret olaraq nələrin baş verəcəyi ilə bağlı indidən hesablamalar aparmaq çətindir. Biznesin bərpa olunma müddətinə uyğun olaraq sığorta şirkətləri də öz göstəricilərini düzəldə bilərlər”.

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı isə hesab edir ki, mövcud durum üç aydan artıq davam edərsə, sığorta sektoruna da dövlət dəstəyi qaçılmaz olacaq:

"Əhalinin gəlirlərindən və istəklərindən asılı olan bütün digər könüllü sığorta növlərində də vəziyyət dəyişəcək. Bütün növ nəqliyyat vasitələrinin (su, hava, quru) könüllü sığortasında yığımlar kəskin aşağı düşəcəkdir. Nəzərə alsaq ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri mülki aviasiya sektorudur və hazırda aviasiya şirkətlərini sığortadan daha çox, ayaq üstə qalmaq məsələsi düşündürür. Digər tərəfdən, intensiv uçuşlar həyata keçirilmədiyinə görə sığortaya olan tələbat da sıfıra enib. Eyni yanaşmanı avtomobil sektoruna, dəniz nəqliyyatına da şamil etmək mümkündür. Könüllü sığortalar içərisində pandemiyadan birbaşa təsirlənən növlərdən biri, hətta birincisi səyahət sığortalarıdır. Bazarımızda çəkisi çox olmasa da, demək olar ki, məlum səbəblərdən aprel və may aylarında, bəlkə daha sonra da səyahət sığortası üzrə yığımlar, demək olar ki, sıfıra yaxın olacaqdır. Yük sığortaları üzrə yığımların da kəskin aşağı düşəcəyi gözlənilir. Sığorta bazarında həcminə görə ikinci yeri tutan icbari sığortalara da məlum təsirlərin olacağı şübhəsizdir. Mərkəzi Bankın sığorta şirkətlərinə sığorta haqqının ödənilməsində vətəndaşlara 31 sentyabra qədər möhlət verilməsini tövsiyə etməsi də yığımları azaldacaq. İcbari sığorta sinfinə daxil olan digər sığorta növlərində də azalmalar müşahidə olunacaqdır. Sığorta bazarında çəkisi az olsa da, sərnişinlərin icbari sığortası da şəhərlərarası və beynəlxalq sərnişin daşımaları, demək olar ki, tamamilə dayandırıldığına görə birbaşa zərbə alan sığorta növlərindən olacaqdır.

Təbii ki, sığorta bazarında vəziyyətin nə dərəcədə ciddiliyi pandemiyanın müddətindən, o cümlədən əhalinin normal iş fəaliyyətinə dönməsindən, biznesin normal axarına düşməsindən bilavasitə asılı olacaqdır. Eyni risklər və tendensiya bütün dünyada müşahidə olunsa da, sığorta mədəniyyətinin hələ tam formalaşmadığı, inkişaf etmiş ölkələrlə müqayisədə əhalinin gəlirlərininin aşağı olduğu və ehtiyac siyahısında sığorta xərclərinin sonuncu yerlərdən birini tutduğu ölkələrdə isə vəziyyət daha da ciddi hal ala bilər. Hesab edirəm ki, mövcud durum üç aydan artıq davam edərsə, sığorta sektoruna da dövlət dəstəyi qaçılmaz olacaq”.

Son xəbərlər

Orphus sistemi