Palata: Pandemiya makrofiskal çərçivəyə yenidən baxmağı zəruri edib

Palata: Pandemiya makrofiskal çərçivəyə yenidən baxmağı zəruri edib “Cari ildə dünya ölkələrində sosial və iqtisadi vəziyyəti şərtləndirən ən vacib amil yeni növ koronavirusun yaratdığı şəraitdir”.
Maliyyə
27 Avqust , 2020 15:35
Palata: Pandemiya makrofiskal çərçivəyə yenidən baxmağı zəruri edib

“Cari ildə dünya ölkələrində sosial və iqtisadi vəziyyəti şərtləndirən ən vacib amil yeni növ koronavirusun yaratdığı şəraitdir”.

“Report” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Pandemiyanın yaratdığı çətinliklər dövlət maliyyəsinin idarə edilməsi sisteminə yenidən baxılmasını, makrofiskal çərçivənin bir daha nəzərdən keçirilməsini tələb edib. Əsas bir məqam qeyd olunmalıdır ki, bu hal bir sıra büdcə institutlarının tətbiqini də mümkünsüz edib. Məlumat üçün bildirək ki, pandemiyanın qarşısının alınması məqsədilə dünyada 30-dan artıq ölkə dövlət büdcəsi haqqında cari ilin büdcə qanununa əlavə və dəyişikliklər edib.

Aydındır ki, belə bir “müharibə” şəraiti dövlətin bütün alətlərinin səfərbər olunmasını zəruri edir və bu, ilk növbədə, sosial parametrlərin qorunması, daha sonra isə iqtisadi inkişafın tənəzzülünün zəiflədilməsi və postpandemiya mərhələsində inkişafın sürətləndirilməsi ilə bağlı tədbirləri əhatə etməlidir”, - deyə o qeyd edib.

“Resursların reallokasiyası üçün yaranmış zərurət fonunda əksər hallarda siyasi təsirlər səbəbilə dünya bazarında əhəmiyyətli xammal növləri üzrə təklifin və həmçinin tələbin dəyişməsi digər ölkələrlə yanaşı, Azərbaycanda da dövlət büdcəsinin gəlir və xərc imkanlarının yenidən nəzərdən keçirilməsini aktuallaşdırıb. Eyni zamanda əsas makroparametrlərin davranışı ilə bağlı qeyri-müəyyənliklər, xüsusilə də cari ilin ikinci və üçüncü rüblərində tətbiq edilən sərt karantin rejiminin bu parametrlərin zəifləmə meyillərini şərtləndirməsi büdcəyə yenidən baxılması zərurəti yaradıb.

Qeyd edim ki, Hesablama Palatası cari ilin aprel ayında dövlət büdcəsinə yenidən baxılması zərurəti və dəyişikliklər üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib”, - V.Gülməmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi