Ötən il Azərbaycanda 4%-lik iqtisadi geriləmə olub

Ötən il Azərbaycanda 4%-lik iqtisadi geriləmə olub Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6 224 manat olub
Maliyyə
18 Yanvar , 2017 12:05
Ötən il Azərbaycanda 4%-lik iqtisadi geriləmə olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda ölkə rezidentləri tərəfindən 59 987,7 mln. manatlıq və ya 2015-ci ildəkindən 3,8% az ümumi daxili məhsul istehsal edilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6% azalması olub.

Eyni zamanda, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5%, sənayedə 0,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1% artıb.

Keçən il sənayedə 22 434,5 mln. manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6 152,2 mln. manatlıq, tikintidə 6 004,4 mln. manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4 102,4 mln. manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3 369,6 mln. manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1 436,3 mln. manatlıq, informasiya və rabitə sahələrində 1 060,2 mln. manatlıq əlavə dəyər yaradılıb.

ÜDM–in 10 836,9 mln. manatı iqtisadiyyatın digər sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər 4 591,2 mln. manat təşkil edib.

Hesabat ilində ümumi daxili məhsulun 39 403,1 mln. manatı, yəni 65,7%-i iqtisadiyyatın qeyri-neft sahələri, 34,3%-i (20 584,6 mln. manatı) isə neft-qaz sektorunun payına düşüb.

ÜDM-in əhalinin hər nəfərinə düşən dəyəri isə 6 223,8 manat olub.

Son xəbərlər

Orphus sistemi