OECD qlobal ÜDM-in 5,6 % artacağını proqnozlaşdırır

OECD qlobal ÜDM-in 5,6 % artacağını proqnozlaşdırır 2021-ci ilin ortalarına qədər qlobal ÜDM pandemiyayaqədərki səviyyədən çox olmalıdır
Maliyyə
9 Mart , 2021 18:56
OECD qlobal ÜDM-in 5,6 % artacağını proqnozlaşdırır

2021-ci ildə qlobal ÜDM artımı 5,6 %-ə çata bilər, 2022-ci ildə isə göstəricinin 4 %-ə qədər artacağı gözlənilir.

“Report” xəbər verir ki, bu proqnoz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Böyük iyirmilik” (G20) və dünyanın digər ölkələrinin iqtisadiyyatının perspektivləri barədə dərc olunmuş ilkin hesabatında verilib.

Təşkilatın mütəxəssisləri qeyd ediblər ki, 2021-ci il üçün dünya ÜDM-inin proqnozu OECD-nin dekabr proqnozundan 1,4 %, 2022-ci il üçün isə 0,3 % çoxdur.

“2021-ci ilin ortalarına qədər qlobal ÜDM pandemiyayaqədərki səviyyədən çox olmalıdır, hərçənd bu, heç də bütün ölkələrdə baş verməyəcək”, - proqnozda deyilir.

Hesabatda vurğulanır ki, effektiv peyvəndlərin tədricən tətbiqi və bir sıra ölkələrdə iqtisadiyyata əlavə maliyyə dəstəyi sayəsində son aylarda qlobal iqtisadi perspektiv nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Həmçinin mütəxəssislər iqtisadiyyatın pandemiya ilə mübarizə üzrə görülən tədbirlərin təzyiqinə daha yaxşı tab gətirə biləcəyinin əlamətlərini də görürlər. Eyni zamanda OECD qlobal perspektivlərin yaxşılaşmasına baxmayaraq, bir çox ölkələrdə istehsal və gəlirlərin 2022-ci ilin sonuna qədər pandemiyadan əvvəl gözlənilən səviyyədən aşağı olacağını qeyd edib.

OECD proqnozuna görə, 2021-ci ildə G20 ölkələrinin ÜDM-i 6,2 % (əvvəlki proqnozda 4,7 % idi), 2022-ci ildə isə 4,1 % (əvvəl 3,7 %) təşkil edəcək. Xatırladaq ki, 2020-ci ilin yekunu üzrə G20 ölkələrinin ÜDM-i 3,2 % azalıb.

Avrozona ölkələrində iqtisadiyyatın 2021-ci ildə 3,9 % (əvvəlki proqnoza görə 3,6 %) səviyyəsində artacağı gözlənilir, 2022-ci ildə isə ÜDM-in artım göstəricisi 3,8 % (əvvəl 3,3 %) olacağı proqnozlaşdırılır.

Aİ-nin əsas ölkələrinin göstəricilərinin müsbət olacağı gözlənilir. Almaniyada ÜDM artımı 2021-ci ildə 3 %, 2022-ci ildə isə 3,7 %, Fransada müvafiq olaraq 5,9 % və 3,8 %, İtaliyada 4,1 % və 4 %, İspaniyada 5,75 və 4,8 % olacağı proqnozlaşdırılır. Aİ-dən çıxan Böyük Britaniyanın ÜDM-i bu il 5,1 %, 2022-ci ildə isə 4,7 % arta bilər.

Son xəbərlər

Orphus sistemi