Ödəniş kartlarının istifadə müddətinin uzadılması nəyə xidmət edir?

Ödəniş kartlarının istifadə müddətinin uzadılması nəyə xidmət edir? Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlərin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) da daimi əsasda müvafiq addımlar atır.
Maliyyə
1267
20 İyun , 2020 18:08
Ödəniş kartlarının istifadə müddətinin uzadılması nəyə xidmət edir?

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlərin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) da daimi əsasda müvafiq addımlar atır.

Mərkəzi Bank bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinə qədər artırılması üçün müvəkkil banklara müraciət edib. Həmin müraciət təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb.

Eyni zamanda AMB banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsini də tövsiyə edib.

İqtisadçı ekspert Vüqar Mirzəzadə “Report”a verdiyi açıqlamada bildirib ki, kartların istifadə müddəti ilin sonuna qədər uzadılsa idi, bu cəmiyyətdə təşviş yarada bilərdi:

“Ödəniş kartlarının istifadə müddətinin uzadılması səbəbi odur ki, kart sahibləri banklara yaxınlaşıb fiziki kontakta girmədən kartlardan istifadəni davam etdirsinlər. Pandemiyanın nə vaxta kimi davam edəcəyi dəqiq məlum deyil. Amma, görünür, dövlət qurumların bunun 30 sentyabra qədər davam edəcəyini proqnozlaşdırırlar. Düşünürəm ki, kartların müddəti ilin sonuna kimi uzadılsa idi, bazar iştirakçıları bunu karantinin ilin sonuna qədər davam etdirilməsi kimi qiymətləndirərək təşviş səviyyəsinə gətirib çıxardacaqdılar. Belə bir təsəvvür yaranacaqdı ki, dövlət qurumları karantinin daha uzun müddətli olacağını qiymətləndirirlər və ona görə də kartların müddətini uzadırlar. Məncə, bu kimi qeyri-müəyyənliklərin olmaması üçün kartların istifadə müddəti yaxın müddətə kimi uzadılıb. 30 sentyabr tarixi yaxınlaşanda həmin kartların qeydiyyat vaxtının yenidən yaxın müddətə kimi uzadılması çətin məsələ deyil. Düşünürəm ki, həm də bu səbəbdən belə bir qərar verilib”.

V.Mirzəzadə qeyd edib ki, bu məsələdə “Visa” şirkəti də maraqlı tərəfdir:

“Kartların istifadə müddətinin uzadılması həm də “Visa” şirkəti tərəfindən müxtəlif ölkələrə tövsiyə olunur. Çünki pandemiya şəriatində, xüsusilə yaşlı insanların kartlarını yeniləməsində çətinliklər yaranıb. Bu isə “Visa” kartları üzrə dövriyyələrinin və bank əməliyyatlarının aşağı düşməsi deməkdir. “Visa” şirkəti bilir ki, kart sahibləri müxtəlif ölkələrdə kartlarını yeniləyə bilməyəcəklər. Bu da kartlarda baş verən əməliyyatların dövriyyəsini aşağı salacaq. Nəticədə “Visa”nın gəliri aşağı düşə bilər”.

İqtisadçı ekspert Pərviz Heydərov kartların istifadə müddətinin uzadılması müsbət addım olduğundan danışıb:

“Bu məsələyə həm də vətəndaşlara dövlət tərəfindən pandemiya şəraiti ilə əlaqədar edilən güzəştlərin bir hissəsi kimi yanaşılmalıdır. Artıq sabahdan iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək. Lakin bu dəfə banklar öz xidmətlərini davam etdirəcəklər. Onsuz da, bu sahədə hər şey onlayn həyata keçirilə bilir. Amma plastik kartlarının vaxtı bitən vətəndaşların onlayn şəkildə kart əldə edə bilmədiyini nəzərə alsaq, həmin kartların müddətinin uzadılması çox düzgün qərardır. Bu həm də vətəndaşların müvafiq vəsaitlərini əldə etməsinin davam etdirilməsinə bir yardımdır”.

P.Heydərov bildirib ki, bu addım heç bir iqtisadi mənfəət güdmür və yalnız pandemiya dövründə insanlara edilən güzəştlərin tərkib hissəsidir:

“Məsələyə daha dərindən yanaşsaq, bu addım iqtisadiyyat üçün elə də sərfəli deyil. Çünki hər bir kartın əldə edilməsi müəyyən ödəniş əsasında olur. Yeni kartın alınması zamanı ya vətəndaş, ya da kartı təqdim edən idarə və ya təşkilat tərəfindən kart xidmətini göstərən quruma müvafiq xidmət haqqı ödənilir. Yəni kartların istifadə müddətinin uzadılması əslində iqtisadi cəhətdən sərfəli addım sayılmır. Odur ki, bu məsələ vətəndaşlar üçün pandemiya şəraitində edilən güzəştlərdən biri kimi qəbul edilməlidir”.

Son xəbərlər

Orphus sistemi