Bakı. 13 aprel. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin cəmi aktivləri 2017-ci il aprelin 1-nə 408,903 mln. manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 7% azdır.
Bankın aktivlərinin 73,2%-ni və yaxud 299,236 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 3 ayda Bankın kredit portfeli 12,1% kiçilib.
İlk rübdə “Nikoil Bank”ın cəmi öhdəlikləri 7,9% azalaraq 367,561 mln. manat, o cümlədən depozit portfeli 12% azalaraq 231,689 mln. manat olub. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 40,5 mln. manat olaraq qalıb.
Hesabat dövründə kredit təşkilatının məcmu kapitalı isə 1,9% artaraq 41,342 mln. manata çatıb.
Yanvar-mart aylarında “Nikoil Bank”ın faiz gəlirləri 17,174 mln. manat, faiz xərcləri 5,12 mln. manat, qeyri-faiz zərəri 773 min manat, qeyri-faiz xərcləri isə 4,781 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 6,501 mln. manat olub.
“Nikoil Bank” aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 6,273 mln. manat yönəldib və rübü 227 min manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 92,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 91,84%-i "Topaz İnvestments" QSC-yə, 7,97%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur.