“Nikoil Bank” 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

“Nikoil Bank” 9 aylıq maliyyə göstəricilərini açıqlayıb Bakı. 12 oktyabr. REPORT.AZ/
Maliyyə
12 Oktyabr , 2017 11:05
“Nikoil Bank” 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 410,684 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% azdır.

“Nikoil Bank”ın aktivlərinin 71,1%-ni və yaxud 292,124 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 18% kiçilib.

Hesabat dövründə “Nikoil Bank”ın cəmi öhdəlikləri 25,5% azalaraq 369,481 mln. manata, o cümlədən depozit portfeli 31,8% azalaraq 229,023 milyon manata, Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 16,9% azalaraq 40,3 mln. manata düşüb.

İl ərzində kredit təşlilatının cəmi (balans) kapitalı 0,7% artaraq 41,203 mln. manata, nizamnamə kapitalı isə 5,35 dəfə artaraq 184,5 mln. manata yüksəlib.

9 ay ərzində “Nikoil Bank”ın faiz gəlirləri 50,195 mln. manat (1 il əvvələ nisbətən 27,2% az), faiz xərcləri 15,174 mln. manat (39,9% az), qeyri-faiz gəlirləri 1,195 mln. manat (86% az), qeyri-faiz xərcləri 14,654 mln. manat (14,6% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 21,563 mln. manat olub ki, bu da illik müqayisədə 38,4% azdır.

Bu il “Nikoil Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 30,8% az – 21,689 mln. manat vəsait ayırıb, gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 14 min manat xərcə düşüb. Bununla da, Bank yanvar-sentyabr aylarını 140 min manat xalis zərərlə başa vurub. Halbuki maliyyə qurum ötən ilin yanvar-sentyabr aylarından 3,637 mln. manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Bankın səhmlərinin 91,84%-i “Topaz Investments” QSC-yə, 7,97%-i adı açıqlanmayan fiziki şəxsə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi