"Naxçıvanbank"ın aktivləri 41% artıb

"Naxçıvanbank"ın aktivləri 41% artıb Bank bir neçə illik fasilədən sonra ictimaiyyətə hesabat verib
Maliyyə
23 Noyabr , 2016 13:48
Naxçıvanbankın aktivləri 41% artıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın yeganə regional bankı - "Naxçıvanbank" ASC-nin cəmi aktivləri 1 yanvar 2016-cı il tarixinə 95,059 mln. manat təşkil edib. "Report" Bankın bir neçə illik fasilədən sonra ictimaiyyətə təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 1 yanvar 2015-ci illə müqayisədə 41,4% çoxdur.

"Naxçıvanbank"ın aktivlərinin 55,6%-ni və yaxud 52,89 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. İl ərzində Bankın kredit portfeli 97,4% böyüyüb.

Naxçıvanbank"ın cəmi öhdəlikləri 51% artaraq 35,2 mln. manata, o cümlədən depozit porteli 5,6% artaraq 18,327 mln. manata çatıb.

2015-ci ildə Bank kapitalını da artırıb. Belə ki, kredit təşkilatının cəmi kapitalı 36,3% artırılaraq 59,859 mln. manata, o cümlədən nizamnamə kapitalı 24,2% artırılaraq 50,94 mln. manata çatdırılıb.

Ötən il "Naxçıvanbank"ın faiz gəlirləri 5,429 mln. manat (2,5 dəfə artım), faiz xərcləri 121 min manat (10,1 dəfə artım), qeyri-faiz gəlirləri 2,099 mln. manat (2,2% artım), qeyri-faiz xərcləri isə 518 min manat (3% artım) təşkil edib. Digər gəlir və xərclərlə birlikdə Bankın vergidənəvvəlki mənfəəti 8,449 mln. manat olub ki, bu da əvvəlki ilə nisbətən 3,5 dəfə çoxdur.

Bununla belə, bank mənfəət vergisi kimi cəmi 6 min manat ödəyib və 2015-ci ili 8,443 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, 2014-cü ildə maliyyə qurumu ümumiyyətlə vergi ödəməyib.

Xatırladaq ki, "Naxçıvanbank" 2008-ci ildə yaradılıb. Bankın səhmləri 4 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi