Naxçıvan gömrükçüləri büdcə proqnozuna 112% əməl edib

Naxçıvan gömrükçüləri büdcə proqnozuna 112% əməl edib Naxçıvan MR Dövlət Gömrük Komitəsində 6-c çağırış Ali Məclisin 5-ci sessiyasından irəli gələn vəzifələr və bu ilin I yarısında görülmüş işlər müzakirə olunub.
Maliyyə
22 İyul , 2021 17:35
Naxçıvan gömrükçüləri büdcə proqnozuna 112% əməl edib

Naxçıvan MR Dövlət Gömrük Komitəsində 6-c çağırış Ali Məclisin 5-ci sessiyasından irəli gələn vəzifələr və bu ilin I yarısında görülmüş işlər müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu məqsədlə keçirilən kollegiya iclasında yerli komitə sədri Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyəti davam etdirib.

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb, Sədərək gömrük-sərhəd buraxılış məntəqəsi üçün qurulan müasir kompleksdə son tamamlanma işləri görülüb. Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisindəki kinoloji xidmətin iş şəraiti daha da yaxşılaşdırılıb.

Hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, gömrük müayinələri və rəsmiləşmələr sürətləndirilib. Qlobal mövqetəyinetmə sistemi olan GPS-lərdən geniş istifadə ilə yük nəqliyyat vasitələrinə, onların daşıdığı yüklərə nəzarət daha da gücləndirilib, saxta valyutanı müəyyənləşdirən müasir yoxlama qurğularının alınması ilə gömrük orqanlarında bu sahəyə diqqət artırılıb. Gömrük müayinəsinin keyfiyyətini artırmaq məqsədilə yeni videoskop və baxış aynaları alınıb.

Komitə sədri qeyd edib ki, hesabat dövründə muxtar respublikanın gömrük orqanları dövlət büdcəsinin formalaşdırılması üçün müəyyən olunmuş 12,798 milyon manata qarşı, 14,275 milyon manat vəsait toplayaraq proqnoz-tapşırığa 111,5% əməl edib. Nağdsız əməliyyatların həcminin artırılması üçün gömrük orqanlarında ödəmə terminallarından istifadə diqqətdə saxlanılıb.

Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndirildiyini vurğulayan Komitə sədri yeni risk profillərinin formalaşdırılması ilə risklərin idarə olunması işinin səmərəliliyinin artırıldığını qeyd edib.

İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. 2021-ci ilin muxtar respublikamızda "İxrac ili" olması ilə əlaqadar ixrac olunan bütün malların güzəştli formada rəsmiləşməsi təmin edilib, kənd təsərrüfatı məhsullarının ixracına köməklik göstərilib, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib.Dövlət Proqramlarının icrası ilə əlaqədar xaricdən yerli istehsal sahələrinin və ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.

Koronavirus pandemiyasına qarşı mübarizə və ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin olunması məqsədilə muxtar respublikanın bütün gömrük-sərhəd buraxılış məntəqələrində dezinfeksiya işləri müntəzəm şəkildə aparılıb, lazımi profilaktik tədbirlər davam etdirilib.

Gömrük orqanlarında kadr potensialının gücləndirilməsi və əməkdaşların peşəkarlığının artırılması məqsədilə ixtisaslaşma və təkmilləşmə proqramlarının həyata keçirildiyini vurğulayan komitə sədri "Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması" mövzusunda təlimlərdə 84 əməkdaşın iştirak etdiyini, haliyədə "Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi və sərnişin keçid zallarında işin təşkili" mövzusunda təlimlərin davam etdirildiyini qeyd edib.

Komitənin üzərinə qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən də danışan sədr daxili bazarın qorunması və idxalın tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icrasının nəzarətdə saxlanılacağını qeyd edib. S.Həbibbəyli elektron bəyanetmə işinin sürətləndirməsi, mallara aid kodların düzgün və sürətli şəkildə verilməsinin təmin edilməsi, rəsmiləşmə məmurlarının bacarıq səviyyəsinin yüksəldilməsi, gömrük işi sahəsində elektron xidmətlərdən istifadənin genişləndirilməsi, muxtar respublikaya gətirilən malların keyfiyyətinə nəzarətin artırılması, standartlara uyğun olmayan malların idxalının qarşısının alınması, ailə təsərrüfatları və sahibkarlıq subyektləri ilə əməkdaşlığın gücləndirilməsi, ixracın təşviqi ilə bağlı əlavə tədbirlərin görülməsi, dövlətimiz tərəfindən yaradılan müasir maddi-texniki bazadan səmərəli istifadə olunması, peşə borcunun yerinə yetirilməsinə və nizam-intizama ciddi əməl olunması ilə bağlı tapşırıqlar verib.

Kollegiya iclasında Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin inspektoru, gömrük xidməti leytenantı Turqut Abbasovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması, Audit bölməsinin böyük inspektoru, gömrük xidməti mayoru Yaqub Əliyevin aparılmış audit yoxlamalarının nəticələri barədə məruzələri, "Naxçıvanterminalkompleks" Birliyinin rəisi, gömrük xidməti polkovniki Namiq Şıxəliyevin Birliyin 2021-ci ilin birinci yarısı ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Kollegiya iclasına yekun vuran komitə sədri ölkəmizdə müəllifi ümummilli liderimiz Heydər Əliyev olan inkişaf, sabitlik və rifahın möhkəmləndirilməsinə töhfə verilməsi, gömrük xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün bundan sonra daha səylə çalışılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi