Azərbaycanda Mühasiblər İşçi Qrupunun ilk görüşü keçirilib

Azərbaycanda Mühasiblər İşçi Qrupunun ilk görüşü keçirilib ARPA-nın əsas məqsədi Azərbaycanda mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsidir
Maliyyə
23 Noyabr , 2016 20:06
Azərbaycanda Mühasiblər İşçi Qrupunun ilk görüşü keçirilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Mühasiblər İşçi Qrupu (AWG: Accounting Working Group) ilk görüşünü keçirib.

"Report"un ARPA-ya istinadən verdiyi xəbərə görə, işçi qrup müxtəlif sahələr üzrə fəaliyyət göstərən peşəkar mühasibləri ətrafında toplayaraq müvafiq təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar məsələlərin həlli və müzakirəsi üçün peşəkar platforma qismində çıxış edir.

Qrupun ilk görüşündə ARPA-nın sədri Rüfət Mahmud ölkədə mühasib peşəsinin inkişafı üçün proqressiv bir sistem yaratmaq üzrə işlərin aparıldığına diqqət çəkib.

Sonra ARPA-nın İcraçı Direktoru Fərrux Əliyevin moderatorluğu ilə qrupun ilk iclası gündəliyə daxil olan məsələlərin müzakirələri ilə baş tutub. Müzakirələr zamanı ARPA-nın üzvlük siyasəti, üstünlükləri, kateqoriya üzrə tələb və hədəf auditoriyaları kimi əsas məqamlar önə çəkilib. Həmçinin Mühasiblərin Peşəkarlıq Sertifikasiayası (MPS) və mövcud səviyyələri, sertifikasiya üzrə imtahan verənlərə qarşı olan tələb və istisnalar, xüsusilə də MPS Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Sertifikatlaşdırılmış İmtiyazlı Mühasiblər Assosiyasiyasının (ACCA: Association of Chartered Certified Accountants) təcrübəsinə əsaslanması faktorunun mühasiblərin peşəkarlığının artırılması və karyera yüksəlişində rolu müzakirə edilib.

Qrupun üzvləri sırasında ölkədə fəaliyyət göstərən EY, PWC, “Deloitte” və KPMG kimi beynəlxalq maliyyə, audit və məsləhətçi şirkətlərinin, həmçinin Təhsil Nazirliyi,SOCAR və “Azərfon” kimi dövlət və yerli özəl sektorların nümayəndələri yer alıblar.

Məlumatda deyilir ki, ARPA-nın əsas məqsədi Azərbaycanda mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsidir. 

Son xəbərlər

Orphus sistemi