"Moody's" Azərbaycan büdcəsinin icrasını müsbət qiymətləndirib

"Moody's" Azərbaycan büdcəsinin icrasını müsbət qiymətləndirib Reytinq agentliyi 2016-2017-ci illərdə Azərbaycanın iqtisadi və büdcə göstəricilərinin zəifləyəcəyini bildirir
Maliyyə
22 Avqust , 2016 14:01
Moody's Azərbaycan büdcəsinin icrasını müsbət qiymətləndirib

Bakı. 22 avqust. REPORT.AZ/ "Azərbaycanda dövlət büdcəsinin gözləniləndən daha yaxşı nəticələr göstərməsi ölkə hökumətinin borc yükü artımının səngiməsinə, ehtiyatlarının qorunmasına gətirib çıxaracaq. Bu da Azərbaycan hökumətinin kredit reytinqinə müsbət təsir edəcək". "Report" xəbər verir ki, bu məlumat "Moody's" beynəlxalq reytinq agentliyinin rüblük hesabatının şərhində qeyd olunub.

Agentlik qeyd edib ki, "neqativ" proqnozlu "Ba1" reytinqinə sahib olan Azərbaycanın hökuməti 2016-cı ilin ilk yarısında gözləniləndən daha yaxşı nəticə göstərib və Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) cəmi 1,8 mlrd. manat (təxminən 1,16 mlrd. ABŞ dolları) və ya ÜDM-in 3,3%-i qədər vəsait götürüb. Hesabat dövründə vəsaitin 51,7%-nin ARDNF-dən götürülməsi planlaşdırılıb. Eyni zamanda, ARDNF öz büdcəsinə proqnozlardan daha yaxşı əməl edib və önəmli ölçüdə büdcə profisiti əldə edib. Agentlik bildirib ki, ilin ilk yarısında əldə olunan bu müsbət göstəricilər Azərbaycanın kredit reytinqinə pozitiv təsir edəcək. Belə ki, adı çəkilən göstəricilər ölkənin borc yükünün artmamasına və ehtiyat "bufer"inin möhkəmlənməsinə gətirib çıxaracaq.

"Moody's"in hesabatında büdcənin icrasında müsbət nəticələrin əldə olunmasına əsas səbəb kimi xərclərin azaldılması göstərilib. Belə ki, ilin ilk yarısında nəzərdə tutulan xərclərin 88,8%-i həyata keçirilib. İxtisara düşən əsas kapitala qoyulan xərclər olub. Büdcə xərcləri ilk yarımillikdə ÜDM-in 25,3%-ni təşkil edib ki, bu da son 3 ilin orta göstəricisindən (31,7%) 20% azdır. Büdcənin ARDNF-siz gəlirləri inflyasiya nəticəsində birbaşa vergilərin artması nəticəsində yüksək olub. Hökumətin neft sektoru istisna olmaqla gəlirlərinin proqnozun 105%-nə çatması gözlənilir.

ARDNF-in fəaliyyətinə toxunan Agentlik, Fondun büdcəsində 25 dollar/barel səviyyəsində nəzərdə tutulan neft qiymətlərinin 2016-cı ilin ilk yarısında faktiki yüksək səviyyədə olması Fondun 1,7 mlrd. manat və ya təxminən 1,1 mlrd. ABŞ dolları əlavə gəlir əldə etməsinə səbəb olub ki, bu da ÜDM-in 3,1%-nə bərabərdir. Nəticədə, Fondun aktivləri 4,6% artaraq 35,1 mlrd. dollara yüksəlib. Bununla da konsolidə olunmuş büdcədə (dövlət büdcəsi, ARDNF büdcəsi, Dövlət Sosial Müdafiə Fondu və Naxçıvan MR-nın büdcələri) 705 mln. manat və ya 455 mln. dollarlıq (ÜDM-in 1,3%-i) profisit yaranıb. Bu da, hökumətin ilin sonuna proqnozlaşdırdığı 9,3 mlrd. manat (təxminən 6 mlrd. dollar) büdcə kəsiri ilə (ÜDM-in 17,9%-i) müqayisədə çox müsbət nəticədir. Neft qiymətlərinin ilin ilk rübündə kəskin azalmasına baxmayaraq, ARDNF-in yığımlarını artırmağa müvəffəq olması Azərbaycanın kredit gücünü göstərməsi üçün önəmli amildir.

"Moody's" bildirir ki, Azərbaycanın gəlirlərinin 60-70%-nin neft satışından əldə olunmasına baxmayaraq, hökumətin Fondun vəsaitinə ehtiyacı olmadan fiskal siyasət yürüdə bilmək imkanı var. Belə ki, borcların ÜDM-ə nisbətinin 2014-cü ildəki 11,2%-dən hazırda 28,6%-ə yüksəlməsinə baxmayaraq, cari ilin sonuna qədər Agentlik bu göstəricinin çox artacağını düşünmür. "Moody's" Azərbaycanın konsolidə olunmuş büdcə kəsiri üzrə proqnozunu ilk yarımildə müşahidə olunan müsbət nəticələr fonunda yaxşılaşdıraraq ÜDM-in 9,4%-nə salıb. Agentliyə görə, Azərbaycan hökuməti büdcə kəsirini əsasən və ya təmamilə ARDNF-dən transferlər hesabına maliyyələşdirməyi planlaşdırır ki, nəticədə Azərbaycanın borcunun həcmi manatın devalvasiyasından asılı olacaq.

Agentlik büdcə xərclərinin ixtisar edilməsinin real ÜDM-in azalmasına gətirib çıxaracağını qeyd edib. Belə ki, ilin ilk yarısında real ÜDM keçən ilin analoji dövrü ilə müqayisədə 3,4% azalıb. Qeyd edək ki, 2015-ci ilin son rübündə real ÜDM illik müqayisədə 6,5% azalma göstərib. Agentlik 2016-cı ilin yekununda Azərbaycanda real ÜDM-in 3,3% azalacağını ehtimal edir. Azalmanın əsasən inflyasiya nəticəsində ÜDM deflyatorunun artması ilə bir qədər yumşalacağı bildirilir. Nəticədə, "Moody's" 2016-cı ilin yekununda borcun ÜDM-də xüsusi çəkisinin 31,6%-ə yüksələcəyini proqnozlaşdırır.

Agentlik borc yükünün azalmasına baxmayaraq, 2016-2017-ci illərdə Azərbaycanın iqtisadiyyat və büdcə göstəricilərinin zəifləyəcəyini bildirir. Buna səbəb kimi isə bank sektorunun iki devalvasiya nəticəsində şok keçirməsi ilə bağlıdır. Nəticədə, 41 bankdan 10-nun lisenziyası geri çağırılıb. Hökumətin Azərbaycan Beynəlxalq Bankının öhdəliklərini ödəməsi zamanı yaranan xərclər 2015-ci ilin ÜDM-in 4,9%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi