Bakı. 7 fevral. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli yerli və xarici valyutada depozit reytinqini "Ba3"-dən "B1"-ə, təmin olunmamış borc reytinqini "Ba3"-dən "B1"-ə, uzunmüddətli subordinasiya borcları üzrə reytinqini "B1"-dən "B2"-ə endirib.
"Report" "Moody's"ə istinadən xəbər verir ki, eyni zamanda, Agentlik Bankın müstəqil kredit qiymətləndirilməsi baza reytinqini də "b3"-dən "ca"-a azaldıb. Bankın qarşılıqlı risk qiymətləndirilməsi reytinqi isə "Ba2"-dən "Ba3"-ə endirib. Agentlik həmçinin ABB-nin uzunmüddətli və təmin olunmamış borclar üzrə reytinq proqnozunu "neqativ"də təsdiqləyib.
"Moody's" ABB-nin reytinqinin azaldılmasına səbəb kimi Banka dövlət dəstəyi ilə əlaqədar qeyri-müəyyənliyin yarandığını və Azərbaycanın müstəqil reytinqinə uyğunlaşdırıldığını bildirib. Agentlik ABB-yə dövlət maliyyə dəstəyinin zamanında həyata keçirilə bilməməsi və tam şəkildə olmaması ehtimalı ilə bağlı narahatlığını ifadə edib.