Bakı. 20 iyun. REPORT.AZ/ "Azərbaycanda əmlak sığortasından sığorta daxilolmaları çox azdır. Sığortanın inkişafı üçün əmlakın qeydiyyatı sürətləndirilməli, onun sığortalanması təşviq edilməlidir".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfransında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
"Bu yolla əmlak sığortasından yığımları azı 200-300 mln. manat artırmaq olar. Bəzi ölkələrdə əmlak sığortasından daxilolmaları ümumi sığorta yığımlarının 20%-ni təşkil edir", - o əlavə edib.
Bundan başqa, millət vəkilinin sözlərinə görə, sığorta sahəsində beynəlxalq standartlardan istifadə edilməlidir: "Mən həmişə beynəlxalq standart deyəndə ehtiyat edirəm. Amma sığorta sektoru elədir ki, orada beynəlxalq standartlardan yararlanmaq lazımdır".