“Məzlumlar"ın “DRAMatik” valyutası: “başgicəlləndirici” çöküş davam edir

“Məzlumlar"ın “DRAMatik” valyutası: “başgicəlləndirici” çöküş davam edir "Qarabağ müharibəsi Ermənistanın onsuz da zəif iqtisadiyyatının tam axırına çıxmış görünür".
Maliyyə
6541
30 Oktyabr , 2020 15:03
“Məzlumların “DRAMatik” valyutası: “başgicəlləndirici” çöküş davam edir
0 : 00
0 : 00

Qarabağ müharibəsi Ermənistanın onsuz da zəif iqtisadiyyatının tam axırına çıxmış görünür. Bu ölkənin ağ yalan danışmağa adətkərdə olmuş başbilənləri belə əhalinin acınacaqlı vəziyyətə düşdüyünü yavaş-yavaş etiraf etməyə başlayırlar. Nə sənaye, nə də ərzaq məhsulları ilə özünü təmin edə bilən bu ölkədə istehlak qiymətlərinin gündən-günə artdığı göz qabağındadır.

Bir yandan da müharibə məsrəfləri üzündən tam olaraq çökmüş dövlət büdcəsinin nəinki düz-əməlli sosial proqramlar yerinə yetirmək, adicə məvacib, müavinət və təqaüdləri belə ödəmək iqtidarında olacağı sual altındadır.

“Bir ay davam edən müharibə nəticəsində Ermənistan iqtisadiyyatına 3,5 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Üstəlik, yanaşı məsrəflər və əldən verilmiş imkanlar da nəzərə alınsa, bu ziyan dəfələrlə artır. Yəni ÜDM-si 13,7 milyard ABŞ dolları olan ölkə üçün bütün bunlar xeyli ciddi rəqəmlərdir”, - deyə İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin (İİKTM) departament rəhbəri Ayaz Müseyibov qeyd edib.

Ermənistanın valyutası olan dramın da vəziyyəti ürəkaçan deyil. Əvvəlcə COVID-19 pandemiyasının fəsadları, sonra da Qarabağda özlərinin təhrikilə başlayan hərbi əməliyyatlar dramın məzənnəsinə sarsıdıcı zərbə endirdi. Milli Statistika Komitəsinin məlumatına görə, cari ilin 5 ayı ərzində dram ABŞ dollarına qarşı orta hesabla 4,91 faiz bəndi zəifləyib. Belə ki, yanvar ayında dramın ABŞ dollarına qarşı orta aylıq məzənnəsi 479,21 olubsa, may ayında 484,12-dək enib. Yanvar – may ərzində isə orta məzənnə 483,95 dram təşkil edib. Son bir həftə ərzində isə rəsmi məzənnə 0,34 faiz azalaraq 493,15 AMD/USD həddinədək geriləyib.

Ermənistan milli pulunun cari ilin sonuna qalan müddət ərzindəki aqibəti də parlaq görünmür.

“Ermənistandakı tədiyyə balansının və dövlət büdcəsinin mütəmadi kəsirdə olduğu nəzərə alınsa, dramın devalvasiyasının labüd olacağını bildirmişdik. Vəziyyət indi də fərqli deyil. Dramı tam çökməkdən xilas edən yeganə amil ölkədə alıcı qabiliyyətinin kəskin zəifləməsidir”, - deyə İİKTM icraçı direktoru Vüsal Qasımlı bu günlərdə bildirib.

Məsələ burasındadır ki, Ermənistan iqtisadiyyatı az qala bütövlükdə “tüfeyli” səciyyəsi daşıyır. Yəni əhalinin başlıca dolanışıq mənbəyi əksəriyyəti xaricdəki qohum-əqrəbadan və diaspordan gələn pul köçürmələri, müxtəlif qrantlar, humanitar yardımlar, ianələrdir. Lakin hazırda diasporun bütün qüvvə və imkanlarını Qarabağda Azərbaycan ordusunun müzəffər yürüşünü bir təhər dayandırmağa yönəldiyi bəllidir. Bu məqsədlə bahalı silahlar və hərbi texnika əldə edilərək qaçaq yollarla döyüş bölgəsinə ötürülür, muzdlu döyüşçülər tutmaq, şər-böhtan dolu təbliğatı davam etmək üçün də külli miqdarda vəsaitlər xərclənir. Bütün bu “ali amallar” naminə Ermənistanda yaşamağa məhkum edilmiş kasıb-küsubu dolandırmaq məsələsi yaddan çıxır, arxa plana keçirilir. Həmçinin koronavirus problemi də bütün ölkələrin hökumətlərini yalnız öz vətəndaşlarının qeydinə qalmağa sövq edir. Nəticədə xaricdə özünə yer etməyi bacarmış ermənilərdən hətta orta sahibkarlıqla məşğul olanlar da vətəndə ac-yalavac qalmış qohumlarına əvvəlki kimi kömək edə bilmirlər.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə bu ölkədə ötən il 303 min Ermənistan vətəndaşı qeydiyyatda olub, onlardan qanunsuz çalışanların sayı da 106 min nəfər azalıb.

Nəticədə Ermənistan vətəndaşlarının hazırkı vəziyyəti bu günlərdə azad edilmiş Hadrut yaxınlığında övladlarının, kəndçilərinin atıb getdiyi iki erməni qocanın aqibətini xatırladır. Rəsmi məlumata görə hələ müharibədən əvvəl ölkədə hər 4 nəfərdən biri yoxsulluq həddindən aşağıda yaşayır, hər 6 nəfərdən biri də qidalanmağa lazımınca vəsait tapa bilmirdi. Həmçinin Milli Statistika Komitəsinin məlumatına görə cari ilin 6 ayı ərzində ölkədəki ticarət dövriyyəsi 1,518 trilyon dram (3 milyard ABŞ dolları), yəni ötən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz az olub. Ötən müddət ərzində bu rəqəmlərin yaxşı tərəfə dəyişə biləcəyini güman etmək üçün heç bir əsas yoxdur. Beləliklə, qarşıdakı aylarda Ermənistanın valyutasının, elə bütövlükdə iqtisadiyyatının aqibəti ordusunun Qarabağda üzləşdiyi məğlubiyyətdən çox da fərqli olmayacağı şəksizdir.

Qulu Nuriyev, ekspert

Son xəbərlər

Orphus sistemi