Cari ilin 7 ayında Azərbaycan meyvə-tərəvəz ixracından 345 milyon dollar gəlir əldə edib

Cari ilin 7 ayında Azərbaycan meyvə-tərəvəz ixracından 345 milyon dollar gəlir əldə edib Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ixracı 12,3 mlrd dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 mlrd dollar və ya 14% artıb.
Maliyyə
30 Avqust , 2019 18:59
Cari ilin 7 ayında Azərbaycan meyvə-tərəvəz ixracından 345 milyon dollar gəlir əldə edib

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ixracı 12,3 mlrd dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 mlrd dollar və ya 14% artıb.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir.

Məlumata görə, bu müddətdə qeyri-neft sektoru üzrə 1 mlrd 133 mln dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında qeyri-neft sektoru üzrə ixrac 164 mln dollar və ya 17% artıb. Cari ilin yanvar-iyul ayları ərzində Rusiyaya 395,9 mln, Türkiyəyə 251,2 mln, Gürcüstana 100,4 mln, İsveçrəyə 88,3 mln və İtaliyaya 32,4 mln dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 17%, Gürcüstana 23%, İsveçrəyə 13% və İtaliyaya 2,4 dəfə artıb.

2019-cu ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (141,2 mln dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 85 mln dollar) ikinci və pambıq mahlıcı (82,2 mln dollar) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3 mln, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 119,4 mln, pambıq lifi ixracı 83 mln, alüminium və ondan hazırlanan məmulatların ixracı 62,8 mln, kimya sənayesi məhsullarının ixracı 57,2 mln, elektrik enerjisinin ixracı 56,5 mln, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,6 mln, alkoqollu və alkoqolsuz içkilərin ixracı 17,4 mln, pambıq ipliyi ixracı 17,3 mln, şəkər ixracı 16,5 mln dollar təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pambıq lifinin ixracı 83,6%, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 40,9%, pambıq ipliyinin ixracı 39,5%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50,6%, meyvə-tərəvəzin ixracı 14,6%, şəkər ixracı 10,7% artıb.

Orphus sistemi