Bakı. 26 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə 2015-ci ilin dövlət büdcəsindən builki səviyyədə - 10,01 mln. manat məbləğində subsidiyanın ayrılması planlaşdırılır.
"Report"un verdiyi xəbərə görə, AZAL-a ayrılan subsidiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə və Böyük Vətən Müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə hava nəqliyyatında gediş güzəştlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Bununla yanaşı, gələn ilin dövlət büdcəsindən Bakı Metropoliteninə ayrılan subsidiyaların həcmi 2014-cü ilə nisbətən 5,5% - 37,998 mln. manata qədər artırılacaq.
Qeyd edək ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri 21,100 mlrd. manat məbləğində təsdiq edilib.