Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 90% artıb

Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 90% artıb Qurum ötən il 2,5 milyon manata yaxın gəlir əldə edib və xərcləyib
Maliyyə
12 aprel 2021 06:41
Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 90% artıb

Maliyyə Monitorinqi Xidməti 2020-ci ildə 2,461 milyon manat gəlir əldə edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 89,75% çoxdur.

Ötən il MMX-nin xərci və onun dinamikası da elə bu qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərci 2,203 milyon manat (illik müqayisədə 2,3 dəfə çox), köhnəlmə və amortizasiya xərci 101 min manat (16,5% az), inzibati xərci isə 157 min manat (21,1% az) təşkil edib.

Bu il yanvarın 1-nə MMX-nin aktivləri 8,052 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,3% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 28,5% artaraq 4,825 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 3,227 milyon manat olub.

Xatırladaq ki, MMX ölkə prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun Nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi