Maliyyə Bazarlarına Nəzarət Palatasında Xocalı faciəsi anılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasında Xocalı faciəsi anılıb Bakı. 26 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) tarixin ən ağır faciəsi və etnik təmizləmə aktlarından biri olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Maliyyə
26 Fevral , 2018 15:41
Maliyyə Bazarlarına Nəzarət Palatasında Xocalı faciəsi anılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) tarixin ən ağır faciəsi və etnik təmizləmə aktlarından biri olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, tədbirin əvvəlində Xocalı soyqırımı zamanı xüsusi amansızlıqla qətlə yetirilmiş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra qurumun baş İcraçı direktoru İbrahim Alışov işçi heyətinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdikləri amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, insanlığa qarşı yönəlmiş faciənin qanlı statistikası barədə ətraflı məlumat verib. O bildirib ki, yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə Xocalı əhalisinin amansızcasına divan tutulması, insanların ağır işgəncələrə məruz qalması, ailələrin qismən və ya tamamilə məhv edilməsi dünya ictimaiyyəti tərəfindən əsrin ən ağır soyqırımı kimi tanınmalıdır.

Palata rəsmisinin sözlərinə görə, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı törədilmiş terror aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə başladığı məqsədyönlü fəaliyyətin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyanın bir sıra ölkələri Xocalı soyqırımını rəsmən tanıyıblar.

Baş icraçı direktor onu da bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalı hadisəsinin dünyada tanıdılması istiqamətində, eləcə də Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin beynəlxalq birliyə çatdırılması üçün hazırlanmış və yayılmış çap və elektron nəşrlər, təbliğat-təşviqat xarakterli təqdimatlar və digər müxtəlif səviyyəli tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyasının 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirildiyi haqqında da tədbir iştirakçılarına məlumat verilib.

Tədbirin sonunda Palatanın sifarişi əsasında hazırlanmış “Xocalı 26” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib, daha sonra Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib.

Son xəbərlər

Orphus sistemi