Maliyyə Bazarlarına Nəzarət Palatasında Fond Bazarı İştirakçılarının Assosiasiyası ilə görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında Fond Bazarı İştirakçılarının Assosiasiyası ilə görüş keçirilib Beynəlxalq depozitarlarla əlaqələrin qurulması və xarici kastodianların yerli bazara cəlb edilməsi ilə bağlı müvafiq tapşırıq verilib
Maliyyə
7 Fevral , 2018 14:26
Maliyyə Bazarlarına Nəzarət Palatasında Fond Bazarı İştirakçılarının Assosiasiyası ilə görüş keçirilib
Report

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasında "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin (AFBİA) üzvləri olan 7 investisiya şirkəti, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.

“Report” bu barədə MBNP-yə istinadən xəbər verir.

Palatanın baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilmiş görüşün əsas məqsədi kapital bazarlarının inkişaf etdirilməsi istiqamətində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün bazar iştirakçıları ilə effektiv koordinasiyanın və sıx əməkdaşlığın qurulmasıdır.

Kapital bazarlarının inkişafının prioritet məqsəd olduğunu vurğulayan İ.Alışov bu sahənin inkişafına mane olan amillər, habelə bazarın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazarda aktivliyin artırılması istiqamətində təklifləri tədbir iştirakçıları ilə müzakirə edib.

AFBİA-nın üzvləri ilə bazarda ticarət olunan alət çeşidinin genişləndirilməsi, iri dövlət müəssisələri və korporativ təşkilatların kapital bazarlarından maliyyələşməyə cəlb edilməsi, şirkətlərin bazarda iştirakının stimullaşdırılması üzrə onlara vergi güzəştlərinin verilməsi, bazarda likvidliyin və dərinliyin yaranmasında mühüm rol oynayan institusional investorların (investisiya fondları, özəl pensiya fondları) formalaşdırılması və xarici investorların yerli bazarda iştirakının təşviq edilməsi məsələləri üzrə interaktiv müzakirələr aparılıb.

Müzakirələrin yekununda İ.Alışov tərəfindən kapital bazarlarında aktivliyin artırılması, səhm bazarının inkişafı və IPO-ların həyata keçirilməsi, xarici investorların bazarda iştirakının artırılması istiqamətində "Euroclear və Clearstream" kimi beynəlxalq depozitarlarla əlaqələrin qurulması və xarici kastodianların yerli bazara cəlb olunması kimi strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin effektiv icrasının təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi