​Maliyyə Nazirliyi: "Royal Sığorta" şirkətinin kapital çatışmazlığı ilə bağlı problemi olub

​Maliyyə Nazirliyi: "Royal Sığorta" şirkətinin kapital çatışmazlığı ilə bağlı problemi olub Məcmu kapitalın 5 mln. manata çatdırılması üçün şirkətə vaxt verilsə də,"Royal Sığorta" bu tələbi yerinə yetirə bilməyib
Maliyyə
215
11 Sentyabr , 2014 17:01
​Maliyyə Nazirliyi: Royal Sığorta şirkətinin kapital çatışmazlığı ilə bağlı problemi olub
Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən "Royal Sığorta" ASC-nin lisenziyasının ləğv edilməsi məcmu kapitalın minimumuna dair tələbnamənin yerinə yetirilməməsi ilə bağlı olub. Bunu “Report”a açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayev bildirib.

M.Abdullayev hələ 6 ay əvvəl "Royal Sığorta"ya məcmu kapitalının azlığı ilə bağlı xəbərdarlıq edildiyini və bu problemin aradan qaldırılması üçün vaxt verildiyini deyib: “Qanunvericiliyin tələbinə uyğun olaraq, məcmu kapital minimum 5 mln. manat olmalıdır. Lakin sığorta şirkəti qanunvericiliyin bu tələbini yerinə yetirə bilməyib”.

Qeyd edək ki, "Royal Sığorta" ASC-nin fəaliyyətinin dayandırılmasına baxmayaraq, şirkətin rəsmi internet saytı hələ də işləyir və burada müxtəlif sığorta məhsulları və xidmətləri reklam olunur. Bununla bağlı yaranan suallara aydınlıq gətirən şöbə rəisi belə hallarda saytların fəaliyyətinin qanunvericiliklə tənzimlənmədiyini bildirib: “Sığorta şirkətinin saytının fəaliyyət göstərməsi qanunvericiliklə tənzimlənmir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, sığorta şirkətinin lisenziyasına xitam verilsə də, onun hazırda qüvvədə olan müqavilələri var ki, onlara görə sığorta şirkəti məsuliyyət daşıyır”.

Xatırladaq ki, Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatlarına əsasən, bu ilin yanvar-iyul aylarında "Royal Sığorta" ASC-nin yığdığı sığorta haqları 2 255 manat, sığorta ödənişləri isə 8 314 manat olub.

Son xəbərlər

Orphus sistemi