Azərbaycanda lizinq şirkətinin istiqraz emissiyasının dayandırılmasının səbəbi açıqlanıb

Azərbaycanda lizinq şirkətinin istiqraz emissiyasının dayandırılmasının səbəbi açıqlanıb "Vestmark Financial Leasing": Şirkətin istiqrazlarının birjada ticarətdən çıxarılması ilə bağlı məlumat səhv yayılıb
Maliyyə
11 Dekabr , 2014 17:36
Azərbaycanda lizinq şirkətinin istiqraz emissiyasının dayandırılmasının səbəbi açıqlanıb
Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Vestmark Financial Leasing İnvestment Company" ASC-nin istiqraz emissiyasının dayandırılmasının səbəbini açıqlayıb.

Komitədən "Report"a verilən xəbərə görə, buna "Vestmark Financial Leasing" ilə ödəniş agenti arasında müqavilənin olmaması səbəb olub: "29 avqust 2013-cü il tarixdə "Vestmark Financial Leasing İnvestment Company"nin 2 mln. manat məbləğində təmin edilməmiş istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınıb. İstiqrazların emissiya prospektinin 34-cü bəndinə əsasən, istiqrazların ödənilməsi zamanı ödəniş agenti rolunda “Milli Depozit Mərkəzi” QSC göstərilib. Lakin əldə olunmuş məlumata əsasən, "Vestmark Financial Leasing" ilə Milli Depozit Mərkəzi arasında müvafiq xidmətlər barədə müqavilə bağlanılmayıb. Həmin müqavilənin bağlanılmaması nəticəsində istiqrazların emissiyasının şərtləri pozulub".

"Bununla əlaqədar “Vestmark Financial Leasing Investment Company" ASC-nin 2 mln. manatlıq istiqraz emissiyası dayandırılıb", - deyə Komitədən bildirlib.

"Vestmark Financial Leasing"dən də "Report"a emissiyanın dayandırılmasını təsdiqləyiblər və problemin 5-6 gün ərzində aradan qaldırılacağını bildiriblər.

“Bakı Fond Birjasında şirkətin istiqrazlarının ticarətdən çıxarılması ilə bağlı məlumat səhv yayılıb, istiqrazlar ticarətdən çıxarılmayıb, təkcə emissiya dayandırılıb. Mülki Məcəllənin 3.47 bəndinə əsasən, 5 gün ərzində bizə məlumat verilməli idi. Biz bu məlumatı qeyri-rəsmi əldə etmişik. Orada yenə də səbəb açıq göstərilmir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə danışıqlardan sonra bizə bildirilib ki, brokerimiz agentlik müqaviləsi bağlamalı idi ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində agent kimi çıxış etsin. Bu problem 5-6 gün ərzində aradan qaldırılacaq, həmin agentlik dəqiq məlumat yayacaq", - deyə şirkətin məlumatında qeyd  olunur.

Son xəbərlər

Orphus sistemi