Liviyanın hasilat siyasəti neftin qiymətinə neqativ təsir edə bilər

Liviyanın hasilat siyasəti neftin qiymətinə neqativ təsir edə bilər Analitiklər gündəlik hasilatın artması nəticəsində qiymətlərin daha da enəcəyini proqnozlaşdırırlar
Maliyyə
27 Noyabr , 2015 11:38
Liviyanın hasilat siyasəti neftin qiymətinə neqativ təsir edə bilər

Bakı. 27 noyabr. REPORT.AZ/ Liviyadan gələn xəbərlər neft qiymətlərini aşağı salıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Liviya yaxın perspektivdə neft ixracını artırmağı planlaşdırır. Agentliyə müsahibə verən Liviya Milli Neft Korporasiyasının rəhbəri Mustafa Sanalla bildirib ki, ölkədə neft ixrac terminalları və "Sharara" və "Elephant" yataqlarında hasilatın bərpa edilməsi üçün xüsusi komitə yaradılıb. Adıçəkilən iki yatağın fəaliyyətinin bərpasının gündəlik hasilatı 440 min barel artıracağı proqnozlaşdırılır. 

M.Sanallanın verdiyi məlumata görə, hasilatda artım əməliyyata başlanandan cəmi bir həftə sonra baş verə bilər. Qeyd edək ki, yataqlarda hasilat işləri təxminən bir il əvvəl silahlı qruplaşmaların yaratdığı problemlər səbəbindən dayandırılıb.

Cənubi Koreyanın "Samsung Futures" şirkətinin analitiki Xon Sun Ki bildirib ki, əgər Liviya hasilatı bərpa edərsə, bu, dünya əmtəə bazarında neftin təklifinin daha da artmasına səbəb olacaq. O, Rusiya-Türkiyə münasibətlərinin neft kotirovkalarına təsirinin məhdud olduğunu əlavə edib.

"Report"un analitik qrupu hesab edir ki, dekabrın 3-də Vyanada keçiriləcək OPEC-in növbəti iclasından sonra neftin qiymətində növbəti azalma dalğası müşahidə olunacaq. Azalma "Brent" markalı neftin qiymətinin 35 dollar/barel, WTI-nin isə 32 dollar/barelə düşməsinə səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi