“Legion Financial”ın səhmləri üzrə hərracın tarixi açıqlanıb
- 23 fevral, 2024
- 12:14
Fevralın 26-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin adi, sənədsiz, adlı 95 min manatlıq səhminin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 95 min manat və yaxud 4,2 % artaraq 2,245 milyon manatdan 2,34 milyon manata çatacaq.