Karantin dövrünün istehlak mənzərəsi

Karantin dövrünün istehlak mənzərəsi Başa çatan 2020-ci ilin başlıca cəhətinə çevrilən COVID-19 pandemiyası bütün sahələrdə olduğu kimi xidmət sahəsinin fəaliyyətinə və istehlakçıların davranışlarına da əsaslı təsir göstərdi
Maliyyə
10 Dekabr , 2020 10:37
Karantin dövrünün istehlak mənzərəsi

Başa çatan 2020-ci ilin başlıca cəhətinə çevrilən COVID-19 pandemiyası bütün sahələrdə olduğu kimi, xidmət sahəsinin fəaliyyətinə və istehlakçıların davranışlarına da əsaslı təsir göstərdi. O cümlədən onlayn xidmətlərin hər yerdə artması da səciyyəvi hal aldı.

Həmçinin Qərbdə “buy now, pay later”, bizdə isə taksidli ödəmələr deyilən alış-veriş sistemi bütün dünya boyu geniş vüsət aldı. Yəni alıcı hər hansı malı və ya xidməti əldə edir, haqqını isə hissə-hissə ödəyir. Pandemiya dövründə dünya boyu müxtəlif məhdudiyyətlər, iş yerlərinin müvəqqəti və ya tamamilə bağlanması nəticəsində gəlirlərin 10,7 faiz azaldığı nəzərə alınsa, bir çoxlarının nağd pul çatışmazlığına düçar olduqları halda alış-veriş etmələri baxımdan bu sistem çox kara gəlir.

Həmçinin kredit kartlarının istifadəsi də dünya boyu xeyli artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə yanvar – oktyabr ayları ərzində plastik kartlarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 28 faizədək (o cümlədən debet kartları 26 faiz, kredit kartları 40,6 faiz) artıb, həmin kartlarla aparılan əməliyyatların sayı 182 milyonu keçib, onların məbləği isə 23,3 milyard manat təşkil edib (2019-cu ilin 10 ayında müvafiq olaraq 129 milyon əməliyyat və 18,37 milyard manat).

Kredit kartlarının istifadəsi daha çox maraq doğurur. Belə ki, həmin kartların sahibləri bankdan borc götürdükləri vəsaitlə əməliyyat aparır, sonra da müvafiq faiz ödəməklə həmin borcu qaytarmalıdırlar. Oktyabrın 1-nə olan vəziyyətə görə yeni kreditlərə dair orta faiz dərəcəsi manatla 14,95 faiz, xarici valyutalarda 5,17 faiz olub. Kredit kartlarla yanvar ayında 160 milyon manat, mart ayında 161 milyon manat, avqust ayında 179 milyon manat, sentyabrda da 159 milyon manat həcmində əməliyyatlar aparılıb. Həmin aylarda manatla kreditlərin dərəcəsi orta hesabla 17 faiz, xarici valyutalarla isə 6 faizədək olub.

Bütövlükdə ölkədə kredit kartlarının istifadəsi görünməmiş həddə çatıb. Belə ki, cari ilin 10 ayı ərzində həmin üsulla 1,47 milyard manat həcmində 25 milyon əməliyyat keçirilib. Hərçənd adətən ən çox ödəniş dekabr ayında olduğu üçün ilin yekun rəqəmləri şübhəsiz ki, daha səciyyəvi olacaq.

Qrafikdən göründüyü kimi, ATM vasitəsilə aparılan əməliyyatların həcmi POS-terminal və elektron ticarətinə nisbətən cüzidir. Halbuki ötən il vəziyyət xeyli fərqli idi.

Beləliklə, ötən il əməliyyatların əsas hissəsi məhz bankomatların payına düşürdü, yəni kart sahibləri pullarını nağdlaşdırmağa üstünlük verirdi. Çox güman ki, pandemiya başlayanda çoxları virusa yoluxmamaq üçün nağd pulu mümkün qədər az işlətməyə çalışırlar.

POS-terminallarla əməliyyatların artmasına gəlincə, sahibkarlıq və pərakəndə bölümləri ayrılmadığı üçün dəyərləndirmə aparmaq risqli olsa belə, həm sahibkarların, həm də sıravi istehlakçıların alış-veriş zamanı əvvəllər öz vəsaitlərini, hazırda isə daha çox borc vəsaitlərini xərclədikləri üzə çıxır.

Elektron ticarətin artması isə gediş-gəliş məhdudiyyətləırinin tətbiqi nəticəsində təbiidir. Bu mənada həm kredit, həm də debet kartları ilə əməliyyatların həcm və say artımını da qeyd etməyə dəyər. Bütövlükdə onlayn alış-verişlərinin həcmi xeyli artıb.

Alış-veriş həcmi ötən ilki səviyyədən az olduğu yeganə hal aprel ayında qeydə alınıb. Bu da çox güman ki, karantin tədbirlərinin tətbiqi və sərtləşdirilməsilə bağlı ola bilər. Yəni karantinə alışmaq müəyyən vaxt apardı, sonra isə alış-veriş həcmi yenə artdı.

Dövlət Statistika Komitəsinə görə, əhalinin nominal gəlirləri cari ilin 10 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz azalaraq 46 milyard manata geriləyib. Həmçinin əhalinin həqiqi gəlirləri də cari ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz az olub.

Gələcəkdə vəziyyətin necə olacağını söyləmək hələlik çətindir. Belə ki, yeni koronavirus dərmanlarının nə qədər səmərəli olacağı, hökumətin koronavirusa qarşı mübarizə tədbirləri, əhalinin vətəndaş məsuliyyəti kimi amillərdən çox şey asılıdır. Bununla belə kreditlər artarkən əhalinin gəlirləri bundan sonra da azalsa, gələn il problemli kreditlərin artmasını ehtimal etmək olar.

Azad Həsənli, maliyyə eksperti

Son xəbərlər

Orphus sistemi