Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) Azərbaycanda dövlət qurumları ilə potensial əməkdaşlığın araşdırılmasına hazırdır.
Bu barədə “Report”a müsahibəsində ITFC-nin baş icraçı direktoru Hani Salem Sonbol Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən dövlət müəssisələrinə investisiya yatırılmasının mümkünlüyünü şərh edərkən bildirib.
“Hökumət də Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzerGold”, rəqəmsal və neft sektorundakı qurumlarla potensial əməkdaşlığın araşdırılmasına razıdır. Təbii ki, bu, özəl investisiyaları dövlət müəssisələrinə cəlb etmək məqsədi daşıyır”, - deyə Hani Salem Sonbol qeyd edib.
O bildirib ki, ITFC-nin həm dövlət, həm də özəl sektora daxil olan müəssisələrlə əməkdaşlıq etmək səlahiyyəti var: “ITFC Azərbaycanda dövlət qurumları ilə tərəfdaşlıq imkanlarını da araşdırmağa hazırdır. Biz öz təcrübəmizdən və peşəkarlığımızdan istifadə etməklə ölkənin iqtisadi artımı və inkişaf hədəflərinə töhfə verməyi hədəfləyirik. Son olaraq Azərbaycan daxilində ticarəti inkişaf etdirmək və üzv ölkələrin prioritetlərinə uyğun davamlı sosial-iqtisadi inkişafı təşviq etmək əsas məqsədimizdir”.
Qeyd edək ki, Sərəncam dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədini daşıyır.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.