“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz Artan qeyri-müəyyənliklər dollar üzərində təzyiqləri də artırır
Maliyyə
27 Mart , 2023 10:48
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Artan qeyri-müəyyənliklər dollar üzərində təzyiqləri də artırır

"İnvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

ABŞ-da başlayan və Avropaya yayılan bank sektoru ilə bağlı narahatlıqlar monetar siyasət gözləntilərində qeyri-müəyyənliklərin hakim olmasına səbəb olarkən, FED ötən həftə ərzində uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 4,75-5%-ə çatdırıb.

ABŞ-ın bank sistemi "möhkəm və dayanıqlıdır" açıqlaması verən FED son hadisələrin ev təsərrüfatları və biznes üçün daha sərt kredit şərtləri ilə nəticələnəcəyini, iqtisadi fəaliyyətə, əmək bazarı və inflyasiyaya təzyiq göstərəcəyini bildirib.

İqtisadiyyatla bağlı proqnozlarını açıqlayan FED bu il üçün faiz dərəcələri ilə bağlı proqnozlarında dəyişiklik etməyib.

Görüşdən sonra sualları cavablandıran FED sədri Jerom Pavel bankın inflyasiya ilə mübarizəni davam etdirəcəyini vurğulayaraq, daha çox faiz artımı ehtiyacını qiymətləndirərkən, gələn məlumatlar, dəyişən iqtisadi mənzərə və xüsusilə kredit sərtləşdirməsinin gözlənilməz təsirləri üzərində fokuslanacaqlarını bildirib.

İclasdan sonra valyuta bazarlarında gözləntilərdə ciddi dəyişikliklər olmasa da, bankın ilin sonuna qədər faiz dərəcələrini 100 baza bəndi endirəcəyi ehtimalları da məzənnələrin qiymətlərində hiss edilir. Lakin növbəti iclasda bankın 80% ehtimalla faiz dərəcələrini dəyişməyəcəyi təxmin edilir.

FED və bazar gözləntiləri arasındakı uyğunsuzluğun qeyri-müəyyənlikləri artırdığına diqqət çəkən analitiklər, qarşıdakı dövrdə bazarlarda volatilliyin arta biləcəyinin vurğulayırlar.

Ötən həftə həmçinin maliyyə naziri Janet Yellenin çərşənbə günü verdiyi açıqlamalar bazarlarda volatilliyin artmasına səbəb oldu.

Yellen, Senatda 2024-cü maliyyə ili büdcəsi ilə bağlı iştirak etdiyi iclasda, bütün bank əmanətlərinin sığortalanması üzərində çalışmaların olmadığını bildirib.

Yellenin açıqlamalarından sonra regional bankların səhmləri ucuzlaşıb.

Yellen cümə axşamı ABŞ Nümayəndələr Palatasındakı açıqlamalarında lazım gələrsə, əlavə tədbirlər görə biləcəklərini də əlavə edərək risk qavrayışını yumşaltmağa çalışıb.

Digər tərəfdən, FED rəsmilərinin monetar siyasətin gələcəyi ilə bağlı verdiyi mesajlar da investorların diqqət mərkəzində olub.

Qarışıq makroiqsitasdi göstəricilərin təsiri ilə artan qeyri-müəyyənliklər fonunda cümə günü dollar indeksi 101.70 bənd həddindən dəstək alaraq 102.70 bənd hədlərinə kimi yüksəlib.

Bu həftə Amerikada açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi və Şəxsi Xərclər Qiymət İndeksi kimi inflyasiya göstəriciləri DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.

EUR

Bu həftə Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1,05$ hədlərinə qədər ucuzlaşa bilər.

GBP

Ötən həftəni 1,22$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq ÜDM göstəriciləri və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin açıqlamaları ciddi təsir edə bilər.

GOLD

Ötən həftə FED sədri Jerom Pavel və ABŞ maliyyə naziri Janet Yellenin bir-birinə zidd açıqlamalarına baxmayaraq qızılın unsiyası həftəlik 0,5% ucuzlaşaraq 1 979$ səviyyəsinə düşüb.

Təhlillərə əsasən bu həftə Amarikada və İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsi, eləcə də Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1 962$ həddinin altına düşsə, yenidən 1 930$-a və 1 905$-a kimi ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi