IMF Azərbaycan bank sektorunda dollarlaşmanın səviyyəsini qiymətləndirib
- 30 iyul, 2022
- 07:16
Qafqaz və Mərkəzi Asiya regionunda açıq valyuta mövqeyi limitlərinin tətbiqindən sonra 2010-cu ildən bəri kredit və depozit dollarlaşması arasında fərq xeyli azalıb.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqaz və Mərkəzi Asiya regionunda dollarlaşmanın azaldılması" hesabatında bildirilib.
Sənədə əsasən, Qazaxıstan, Azərbaycan və Gürcüstanda kreditin dollarlaşması qismən inzibati tədbirlər nəticəsində depozitlərin dollarlaşmasından daha çox azalıb.
“Dollarlaşmanın iki empirik ölçüsünün bir-biri ilə sıx əlaqəli olsa da, kreditdə de-dollarlaşmanın regiondakı depozitlərdən xeyli yüksək olduğunu müşahidə edirik. Bu, xüsusilə kredit dollarlaşmasının depozit dollarlaşmasından böyük ölçüdə daha çox azaldığı Qazaxıstan, Azərbaycan və Gürcüstan üçün xarakterikdir.
Ermənistan və Özbəkistanda depozitlərin de-dollarlaşması kreditlərin de-dollarlaşmasını üstələyib, bu da, kreditin dollarlaşması depozitlərin dollarlaşması səviyyəsinə endirmək üçün makroprudensial tədbirlərə imkanın olduğunu göstərir.
Kredit dollarlaşması regionda orta hesabla 32 faiz bəndi azalıb. Bu diferensiallaşmada tələb və təklif faktorları ilə yanaşı, xarici valyutada kreditləşməyə qoyulan məhdudiyyətlər kimi tənzimləyici amillər də açıq şəkildə rol oynayır”, - hesabatda qeyd edilib.
İMF vurğulayıb ki, 2010-2021-ci illər ərzində Azərbaycanda depozitlərin de-dollarlaşması 4 %, kreditlərin de-dollarlaşması isə 31 % azalıb. Bu dövrdə region ölkələrindən ən çox azalma depozitlər üzrə Qırğızıstanda (31 %), kreditlər üzrə isə Qazaxstanda (60 %) olub.
Araşdırmaya əsasən, Azərbaycan de-dollarlaşma ilə bağlı qiymət stimulları/riskin azaldılması və açıq valyuta mövqeyi limiti kimi mikroprudensial tədbirlər, həmçinin xarici valyutada kreditləşməyə qadağalar və digər inzibati tədbirlər həyata keçirib.
“Xüsusilə, qorunmayan (hedcinq) valyuta riskləri üçün əlavə kapital tələbləri, açıq valyuta mövqeyi limiti, valyuta kreditləşməsinə qadağalar və digər tədbirlər kimi makroprudensial və inzibati tədbirlər həyata keçirilib.
Region ölkələrinin əksəriyyətində rəsmi de-dollarlaşma siyasəti mövcuddur. Rəsmilər, xarici valyuta aktivləri ilə bağlı riskləri azaltmaq üçün makroprudensial və inzibati tədbirlər tətbiq ediblər. Məsələn, bütün ölkələr, hətta de-dollarilaşma siyasəti həyata keçirməyən ölkələr belə, yerli valyutaya nisbətən xarici valyutada bank öhdəlikləri üçün daha yüksək məcburi ehtiyat normaları tətbiq edirlər. Azərbaycanda məcburi ehtiyat norması 0,5 %, Gürcüstanda isə 20 %-ə yaxındır”, -hesabatda qeyd edilib.
Bundan başqa, Tacikistanda və Azərbaycanda valyuta depozitləri üzrə əmanətlərin sığortalanması üzrə mükafat yerli valyutada olan əmanətlərdən yüksək olub. Qazaxıstanda təngədə olan əmanətlər üçün daha yüksək əmanət sığortası var. Azərbaycan xarici valyuta ilə ipotekaya, Ermənistan isə xarici valyuta ilə istehlak kreditlərinə qadağa qoyub.
Fondun analitikləri hesab edir ki, region ölkələri son on ildə kapital bazarlarının inkişafında mühüm irəliləyişlər əldə edib: "Regionun bütün ölkələri, ən sonuncusu Özbəkistan olmaqla yerli valyutada uzunmüddətli dövlət qiymətli kağızları buraxır. Yenə də yerli valyutada olan borc, regionun ümumi dövlət borcunun kiçik bir hissəsini təşkil edir. Eynilə, regionun bir sıra ölkələrində mənfi xalis beynəlxalq investisiya mövqeyi ÜDM-in 70 %-dən yuxarı olaraq qalır ki, bu da balansa təsir vasitəsilə valyuta dəyərsizləşməsinin azaldıcı təsirini gücləndirir".