​IFC: Azərbaycanın girovun qiymətləndirilməsi bazarında yeni mühit yaradılır

​IFC: Azərbaycanın girovun qiymətləndirilməsi bazarında yeni mühit yaradılır Azərbaycanda təminatlı əqdlər haqqında qanun layihəsi hazırlanır
Maliyyə
15 Dekabr , 2014 18:24
​IFC: Azərbaycanın girovun qiymətləndirilməsi bazarında yeni mühit yaradılır

Bakı.15 dekabr. REPORT.AZ/ Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı Qrupunun üzvü) Azərbaycanda kiçik müəssisələrin kredit məhsullarına çıxış imkanlarını artırmaq və onların inkişafına dəstək göstərmək üçün Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə əməkdaşlıq edir.

"Report"un IFC-nin Bakı ofisinə istinadən verdiyi xəbərə görə, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən IFC-nin Azərbaycanda və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsinə dair məsləhət xidmətləri Layihəsi daha sonra ARPA tərəfindən sertifikatlaşdırılacaq kredit mütəxəssisləri və daşınar əmlak girovunun qiymətləndiricilərinə təlim keçirmək üçün ABTM ilə səylərini birləşdirir. Bir çox kiçik müəssisələrin kredit təminatı üçün torpaq və ya digər daşınmaz əmlakı olmasa da əvəzinə mal-məhsul ehtiyatları, debitor borclar və avadanlğı kimi təminat qismində istifadə edilə biləcək daşınar girovları var. Lakin bu cür aktivlərin qiymətləndirilməsi üçün Azərbaycanda kifayət qədər bacarıq mövcud deyil.

"Maliyyə vəsaitlərinə çıxış imkanları özəl sektorun inkişafı üçün çox mühümdür, lakin bank sistemində maliyyə resurslarının mövcud olmaması yeganə problem deyil. IFC və onun Azərbaycandakı partnyorları iqtisadi inkişafı daha da sürətləndirmək və sahibkarlara dəstək göstərmək üçün girovun qiymətləndərilməsi bazarında yeni mühit yaradır", - deyə IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova qeyd edib.

IFC həmçinin kreditorlara borcalana məxsus girova dair təminat hüququnu qazandıran kredit əməliyyatları olan təminatlı əqdlər haqqında qanun layihəsi üzərində Azərbaycan Mərkəzi Bankı ilə birgə çalışır. Müvafiq dövlət agentliklərdən təşkil olunmuş xüsusi işçi qrupu bu cür əqdlərdə iştirak edən bütün agentliklərin rolunu və vəzifələrini müzakirə etməklə artıq prosesə hazırlığı başlayıb.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-yə üzv olub və bu günədək ölkə iqtisadiyyatına öz vəsaitlərindən 414 mln. dollar və digər kreditorlardan mobilizə olunmuş vəsaitlərdən 73 mln. dollar məbləğində investisiya edib. IFC həmçinin ölkədə özəl sektorun inkişafına yönəlmiş bir sıra məsləhət xidməti layihələrini həyata keçirib.

Son xəbərlər

Orphus sistemi