İspaniyada COVID-19 virusunun ucbatından cari ilin birinci rübü ərzində ÜDM 5,2 faiz azalıb.
“Report” İspaniya Milli Statistika İnstitutunun (İNE) saytına istinadən xəbər verir ki, bu da ötən ilin dördüncü rübünə nisbətən 5,6 bənd aşağıdır.
“Europa Press” qeyd edib ki, ölkədə 1970-cu ildən etibarən ÜDM-in rekord həddə rüblük geriləməsi baş verib. Belə ki, 2,6 faizlik əvvəlki rekord 2009-cu ilin birinci rübündə qeydə alınmışdı.
Bundan əvvəl İspaniya Bankından da koronavirusun fəsadları üzündən ÜDM-in 6,6-13,6 faiz həddində azala biləcəyini söyləmişdilər. Həmçinin İNE koronavirus pandemiyası üzündən cari ilin birinci rübündə işsiz sayının 121 min artaraq 3,31 milyona çatdığını açıqlayıb.
Xatırladaq ki, COVID-19 virusundan ən çox zərərçəkən ölkələrdən olan İspaniya son məlumata görə yoluxanların (236.899) sayına görə dünyada ikinci yerdə, ölənlərin (24.275) sayına görə də dördüncü yerdə, eyni zamanda 1 milyon nəfər əhaliyə düşən yoluxanların sayına (5067) görə də böyük fərqlə birinci yerdə, ölənlərin də sayına (519) görə ikinci yerdədir.