Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda azalma səngiyib

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda azalma səngiyib Bu, dolların məzənnəsinin artması və bank kreditləşməsinin qismən bərpa olunması ilə bağlıdır
Maliyyə
9 Avqust , 2016 11:23
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda azalma səngiyib

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il iyulun 1-nə 21 203,6 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 3 423,6 mln. manat və ya 13,90%, iyunun 1-nə nisbətən 2,9 mln. manat və ya 0,01%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 265,8 mln. manat və ya 5,63% azalıb. Xatırladaq ki, məcmu kredit qoyuluşlarının strukturunda bank sektorunun iqtisadiyyata kredit qoyuluşları 17 268,5 mln. manat təşkil edir. Bank sektorunun iqtisadiyyata kredit qoyuluşunun məcmu kredit qoyuluşunda xüsusi çəkisi 81,44%-ə bərabərdir.

"Report"un analitik qrupu qeyd edir ki, 2015-ci ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin fevral-may aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni məhdudlaşdırması və dövlət investisiya qoyuluşlarının azalması amili göstərilir. İyunun yekununda isə iqtisadiyyata kredit qoyuluşunun həcminin azalmasında yavaşlama qeydə alınıb. Bu, dolların məzənnəsinin artması nəticəsində dollar kreditlərinin manat ekvivalentində həcminin artması və bəzi bankların kreditləşməni qismən bərpa etməsi ilə izah olunur.

"Report"un analitikləri hesab edirlər ki, növbəti, iyul statistikasında iqtisadiyyata kredit qoyuluşlarında bir qədər artımın olacağını ehtimal edir: "Bunun səbəbi iyul ayında manatın məzənnəsinin dollarla müqayisədə zəifləməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin azalması dollar kreditlərinin manat ekvivalentində dəyərini artırır".

Son xəbərlər

Orphus sistemi