İqtisadiyyat naziri Beynəlxalq Maliyyə Korporasiyasının regional direktoru ilə görüşüb

İqtisadiyyat naziri Beynəlxalq Maliyyə Korporasiyasının regional direktoru ilə görüşüb İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen ilə görüşüb.
Maliyyə
8 May , 2019 18:05
İqtisadiyyat naziri Beynəlxalq Maliyyə Korporasiyasının regional direktoru ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen ilə görüşüb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Görüşdə Ş.Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən IFC ilə uğurlu əməkdaşlıq etdiyini, qurumun kredit verməsi, texniki yardım göstərməsi, müştəri risklərinin və təşkilatların likvidliyinin idarə edilməsi və digər alətlər vasitəsilə özəl sektorun inkişafına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

IFC ilə neft-qaz, qeyri-neft sektorunun inkişafı, turizm, İKT, pərakəndə ticarət, investisiya mühitinin təkmilləşdirilməsi, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə əməkdaşlıq edildiyini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə IFC və İqtisadiyyat Nazirliyinin birgə icra etdiyi “Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi” layihəsinin özəl sektor üçün əlverişli biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ölkəmizin Doing Business hesabatlarındakı göstəricilərinin yaxşılaşdırılması baxımından verdiyi töhvənin önəmi qeyd edilib. İqtisadiyyat naziri “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi”nin icrasına dair imzalanacaq əməkdaşlıq sazişlərinin və anlaşma memorandumlarının ölkəmizdə sahibkarlığın inkişafına əlavə stimul verəcəyini vurğulayıb.

Nazir ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verərək, əldə olunan nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib. Belə ki, Dünya Bankının hazırladığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.

IFC-nin Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrindən məmnunluğunu ifadə edib. IFC-nin fəaliyyəti barədə məlumat verən regional direktor təşkilatın Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini və ölkəmizlə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb, qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi