İpoteka kreditləri üzrə sığorta ödənişləri Hökumət Ödəniş Portalı ilə aparılacaq

İpoteka kreditləri üzrə sığorta ödənişləri Hökumət Ödəniş Portalı ilə aparılacaq Yalnız sığorta ödənişi aparıldıqdan sonra borcalan aylıq ödənişini həyata keçirə biləcək
Maliyyə
19 Fevral , 2016 10:04
İpoteka kreditləri üzrə sığorta ödənişləri Hökumət Ödəniş Portalı ilə aparılacaq

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda ipoteka kreditləri üzrə sığorta ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsi ilə aparılmasına martın 1-dən etibarən start veriləcək.

"Report"un Azərbaycan İpoteka Fonduna istinadən verdiyi xəbərə görə, bu, Elektron İpoteka Sisteminin (EİS) Hökumət Ödəniş Portalına inteqrasiyası nəticəsində həyata keçirilir. 

Sistem hər bir ipoteka ödəyicisinə əmlak və həyat sığorta ödənişlərini birbaşa Hökumət Ödəniş Portalında aparılmasına imkan yaradır. Həmçinin sistem borcalana sığorta ödənişlərini hissə-hissə və ya illik həyata keçirmək seçimini təklif edir. Eyni zamanda, borcalanın sığorta öhdəliklərinin vaxtı keçdiyi təqdirdə sistem ilkin olaraq məhz sığorta ödənişlərinin aparılmasını tələb edəcək. Yalnız sığorta ödənişi aparıldıqdan sonra borcalan aylıq ödənişini həyata keçirə biləcək.

Fondun tətbiq etdiyi EİS borcalanlar tərəfindən əmlak və həyat sığorta ödənişlərinin vaxtında aparılmasına zəmin yaradacaq.

Qeyd edək ki, Fond EİS-ni artıq bir neçə ildir istifadəyə verib. İpoteka bazarı iştirakçıları - müvəkkil kredit təşkilatları, sığorta və qiymətləndirici şirkətlərlə bütün texniki prosedurlar real vaxt rejimində həyata keçirilir.

Eyni zamanda, EİS əhalinin ipoteka kreditləri üzrə müvəkkil kredit təşkilatlarına müraciətlərini tam avtomatlaşdırıb. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətli rəsmiləşdirilməsinə, şəffaflığın artırılmasına, növbəliliyin təmin olunmasına, vaxtın səmərəli istifadəsinə və işin daha da yüksək səviyyədə aparılmasına xidmət edir.

EİS-nin Mərkəzi Bankın vergi, rüsum, icarə haqqı və digər kütləvi ödənişlərinin toplanılması üçün yaradılmış Hökumət Ödəniş Portalına (www.gpp.az) inteqrasiyası nəticəsində ipoteka kreditlərinin aylıq ödənişləri 1 ildən artıqdır ki, real vaxt rejimində (onlayn) aparılır.

Son xəbərlər

Orphus sistemi