İcmal: ​2015-ci il qlobal maliyyə bazarları üçün uğursuz olub

İcmal: ​2015-ci il qlobal maliyyə bazarları üçün uğursuz olub Qlobal neft sektorunda ixtisarlar artıb: bu il dünya üzrə 855 min nəfər işdən azad edilib
Maliyyə
22 Dekabr , 2015 17:08
İcmal: ​2015-ci il qlobal maliyyə bazarları üçün uğursuz olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Qlobal maliyyə və kapital bazarları 2015-ci ildə əsasən mənfi nəticələr göstərib. "Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, cari ildə bir çox sektorlarda 2008-ci ilin böhran zamanı müşahidə olunan göstəricilərə yaxın nəticələr qeydə alınıb.

Bu il "Apple" şirkətinin kapitallaşması maksimal səviyyəyə - 775 mlrd. dollara çatdıqdan sonra 20%-ə yaxın azalaraq 616 mlrd. dollara düşüb. Cari ilin əvvəli ilə müqayisədə isə "Apple"ın səhmləri 4% ucuzlaşıb.

İnvestisiya edilə bilən korporativ istiqrazlarda bu günə qədər olan ən yüksək illik satış həyata keçirilib. Satışın həcmi 2015-ci il ərzində 1,31 trln. dollar təşkil edib.

İnvestisiya reytinqindən aşağı səviyyədə olan istiqrazlar bazarı 5% zərərin olduğunu açıqlayıb. Qeyd edək ki, bu bazar 2008-ci ildən sonra mənfəətlə işləyib.

Dünya bazarlarında şirkət birləşmələri və satınalmaları 4 trln. dollara çatıb, əqdlərin sayı isə 36 minə yüksəlib. Qeyd edək ki, şirkət birləşmələri və satınalmaları əsasən böhran illərinə təsadüf edir. Səbəb isə şirkətlərin bazar payını qorumaq və xərcləri azaltmaq istəməsidir. Bu əməliyyatlar arasında daha çox böyük şirkətlər diqqət çəkib. Belə ki, 56 əqd üzrə 1,6 trln. dollardan artıq həcmdə şirkət birləşməsi və ya satın alınması qeydə alınıb. Ən böyük əqd isə əczaşılıq sahəsində qeydə alınıb - ABŞ-ın "Pfizer" şirkəti İrlandiyanın "Allergan" şirkətini 183,7 mlrd. dollara alıb.

ABŞ-da isə 2015-ci il şirkət səhmlərinin ilkin emissiyasındakı geriləmə ilə yadda qalacaq. 2009-cu ildən minimal səviyyəyə düşən ilkin emissiyanın ümumi həcmi 29 mlrd. dollar təşkil edib, ümumi səhm təklifi isə rekord həddə - 1 trln. dollara çatıb.

Dünya üzrə 2009-cu ildən etibarən ən yüksək işdən çıxarılmalar qeydə alınıb. Belə ki, dünya üzrə 855 min, ABŞ-da isə 268 min nəfər işdən azad edilib. ABŞ-ın 5 şirkəti ixtisarların yarısını həyata keçirib. Bu şirkətlərdən 3-ü neft-qaz sektoruna aiddir: "Schlumberger ", "Baker Hughes" və "Chevron".

Bir çox inkişaf etməkdə olan ölkələrin kredit-defolt svop (CDS) spredləri artıb. Ən yüksək səviyyə Venesuela (5229), Türkiyə (266), Misir (474), Qazaxıstan (292), Braziliyada (518) müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi