AMB 2018-ci ilin sonuna inflyasiyanı 2,3% səviyyəsində proqnozlaşdırır

AMB 2018-ci ilin sonuna inflyasiyanı 2,3% səviyyəsində proqnozlaşdırır Bakı. 28 dekabr. REPORT.AZ/ 2018-ci ildə pul siyasəti “Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”na uyğun olaraq həyata keçirilib. Pul siyasətinin son hədəfini inflyasiyanı 6-8% dəhlizində saxlamaq təşkil edib.
Maliyyə
28 Dekabr , 2018 12:37
AMB 2018-ci ilin sonuna inflyasiyanı 2,3% səviyyəsində proqnozlaşdırır

Bakı. 28 dekabr. REPORT.AZ/ 2018-ci ildə pul siyasəti “Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”na uyğun olaraq həyata keçirilib. Pul siyasətinin son hədəfini inflyasiyanı 6-8% dəhlizində saxlamaq təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, inflyasiyanın və inflyasiya gözləntilərinin əhəmiyyətli azalması nəzərə alınmaqla pul siyasətinin yumşaldılması istiqamətində qərarlar qəbul edilib.

“2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2,3% təşkil edib. Orta illik inflyasiya ilin ikinci yarısında 3%-dən aşağı olub. 11 ayda qiymət dəyişimi orta hesabla ərzaq məhsulları üzrə 1,9%, qeyri-ərzaq məhsulları üzrə 2,7%, xidmətlər üzrə 2,6% təşkil edib. Son 12 ayda istehlak səbətinə daxil olan məhsulların 23%-nin qiyməti azalıb, 7%-nin qiyməti dəyişməyib, 62%-nin qiymət artımı 5%-dən aşağı olub. Yalnız 8% məhsulun qiymət artımı 5%-i üstələyib. Əvvəlki illərdə olduğu kimi cari ildə də kənd təsərrüfatı məhsullarının, xüsusən meyvə-tərəvəzin qiymətləri daha dəyişkən olub ki, bu da mövsümi və təbii şərait amillərindən təsirlənib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya isə 2018-ci ilin 11 ayında 1,8% təşkil edib. İstehsalçı qiymətləri sənayedə başlıca olaraq enerji daşıyıcılarının qiymət dəyişimindən təsirlənib. Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 11 ayda cəmi 2,2% yüksəlib. Nəqliyyat xidmətlərinin qiymət indeksində 1%-lik azalma yükdaşıma nəqliyyatı xidmətinin ucuzlaşması ilə bağlı olub”, - deyə bəyanatda vurğulanıb.

AMB bəyan edib ki, dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olub: “Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb. Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2,3% ətrafında qərarlaşacağı gözlənilir. 2018-ci ildə inflyasiyanın faktiki dinamikası və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərini sabitləşdirib. Biznes sektorunun inflyasiya gözləntiləri bütün sektorlarda, xüsusən də ticarət və xidmət sektorunda azalıb. Ev təsərrüfatları üzrə inflyasiya gözləntiləri 2015-ci ildən bəri minimum səviyyəyə düşüb”. 

Son xəbərlər

Orphus sistemi