​Həyat sığortası bazarında ödənişlər kəskin artıb

​Həyat sığortası bazarında ödənişlər kəskin artıb Bu bazarda daxilolmaların həcmi isə cəmi 18% artıb
Maliyyə
24
1 Avqust , 2015 17:33
​Həyat sığortası bazarında ödənişlər kəskin artıb

Bakı. 1 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 27,2%-i və yaxud 65,9 mln. manatı həyat sığortasının payına düşüb. "Report"un verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17,5% böyüyüb.

Həyat sığortasındakı yığımların təxminən 56,3%-i və ya 37,1 mln. manatı həyatın yaşam sığortası, 31,9%-i və ya 21 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığorta, 11,5%-i və ya 7,6 mln. manatı həyatın ölüm halından sığortası, cəmi 0,3%-i və ya 162,2 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Yarım il ərzində həyat sığortası üzrə aparılan ödənişlərin məbləği isə 30,6 mln. manat təşkil edib. Bu isə ümumi ödənişlərin 33,3%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 8,8 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin təxminən 90,5%-i və ya 27,7 mln. manatı həyatın yaşam sığortası, 5,8%-i və ya 1,8 mln. manatı həyatın ölüm halından sığortası, 3,7%-i və ya 1,5 mln. manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 46,5 manat ödəniş həyata keçirilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 6,2 manat olub.