"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, geniş tərkibdə keçirilmiş iclasda Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə dair hesabat müzakirə edilib. Sənədin “Hesablama Palatası haqqında” qanunun tələblərinə əsasən hazırlandığı, eyni zamanda fəaliyyətlə bağlı hesabatvermənin Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın qəbul etdiyi standartlar – Auditin Təməl Prinsipləri haqqında Lima Bəyənnaməsi (ISSAI – 1) və Müstəqillik haqqında Mexiko Bəyənnaməsi (ISSAI – 10) ilə müəyyən edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 2018-ci il üzrə hazırlanmış Hesabatın strukturunda bir sıra təkmilləşdirmələr aparılmış, hesabatlılıq və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, o cümlədən Hesablama Palatasının təqdim etdiyi təkliflərlə bağlı müvafiq orqanların münasibəti, korrupsiyaya qarşı mübarizə istiqamətində görülmüş işlər üzrə geniş məlumatlar əks etdirilib.
Hesabatla bağlı ayrı-ayrı fəaliyyət sahələrinə rəhbərlik edən auditorlar C. Həsənov və F. Qurbanov hesabat ilində həyata keçirilmiş nəzarət tədbirləri üzrə məruzə ilə çıxış edib, həmin tədbirlərlə müəyyən olunmuş nöqsanlar, görülmüş tədbirlərin nəticələri ilə bağlı məlumat veriblər.
Sonda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2018-ci ildə görülmüş işlərə yekun vuraraq bildirib ki, fəaliyyətlə bağlı Hesabat il ərzində tərtib edilməli olan və Hesablama Palatasının fəaliyyətinin güzgüsü funksiyasını daşıyan sənəddir. Hər bir əməkdaşın Hesabatda əks etdirilmiş göstəricilər arxasında əməyi olduğunu qeyd edərək V.Gülməmmədov bu əməyin ümumi işin keyfiyyətli olmasına xidmət etdiyini vurğulanıb.
V.Gülməmmədov Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsinə ehtiyac olan sahələri diqqətə çatdırıb, ayrı-ayrı sahələrə nəzarət üzrə məsul şöbələrin fəaliyyətində nöqsanlarını sadalayıb.
O, 2019-cu ildə qarşıda duran vəzifələr, bu vəzifələrin icrası ilə əlaqədar görülən və nəzərdə tutulan tədbirlər barədə danışaraq 2018-ci ilin sentyabr ayında qəbul edilmiş yeni qanunun yeni vəzifə və səlahiyyətlər müəyyən etdiyini, bunun isə kənar dövlət maliyyə nəzarət orqanı olaraq həm də Hesablama Palatasının funksiyalarının icrasında məsuliyyətini artırdığını qeyd edib.
Qarşıda duran vəzifələrin müvəffəqiyyətli icrasının təmin edilməsində bacarıq və səriştələrin artırılmasının vacib olduğunu vurğulayan V.Gülməmmədov bu məqsədlə Hesablama Palatasının nəzarət fəaliyyətini tənzimləyən metodiki sənədlərin hazırlanması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi sahəsində davamlı tədbirlərin keçrilmə zərurətini diqqətə çatdırıb.
Daha sonra hesabat müzakirə edilib və təsdiq olunub. Sənədin Milli Məclisə təqdim edilməsi ilə bağlı kollegiya qərarı qəbul olunub.