Hesablama Palatası uyğunluq auditi üzrə beynəlxalq tədbirə qatılıb

Hesablama Palatası uyğunluq auditi üzrə beynəlxalq tədbirə qatılıb Noyabrın 23-də INTOSAI-ın uyğunluq auditi üzrə alt-komitəsinin katibliyini həyata keçirən Hindistan Baş Auditor və Müfəttiş Ofisinin təşkilatçılığı ilə, komitənin 17-ci illik toplantısı videoformatda keçirilib.
Maliyyə
24 Noyabr , 2020 09:37
Hesablama Palatası uyğunluq auditi üzrə beynəlxalq tədbirə qatılıb

Noyabrın 23-də INTOSAI-ın uyğunluq auditi üzrə alt-komitəsinin katibliyini həyata keçirən Hindistan Baş Auditor və Müfəttiş Ofisinin təşkilatçılığı ilə, komitənin 17-ci illik toplantısı videoformatda keçirilib.

Bu barədə “Report”a Hesablama Palatasından bildirilib.

Məlumata görə, toplantıda Hindistan, Azərbaycan, Braziliya, Qətər, Meksika, Rusiya, Çin, Norveç Ali Audit Qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri iştirak edib. Azərbaycanı Palatanın auditoru Cəfər Həsənov, dövlət investisiyalarının auditi şöbəsinin aparıcı məsləhətçisi Nəzrin Zeynalova, beynəlxalq əməkdaşlıq və İT şöbəsinin məsləhətçisi Nərminə İsayeva təmsil edib.

Açılış nitqi ilə çıxış edən Hindistan AAQ-nın nümayəndəsi tədbirdə iştirak edən nümayəndə heyətlərini salamlayıb, alt-komitənin AAQ-ların fəaliyyətində rolunu, TAİ (Şəffaflıq, Hesabatlılıq və Əhatəlilik) audit təşəbbüsünün əhəmiyyətini vurğulayaraq toplantının işinə uğurlar arzulayıb, nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını bildirib.

Tədbirdə Azərbaycan, Braziliya, Çin, Norveç, Hindistan AAQ-larının, Avropa Auditorlar Məhkəməsi nümayəndələrinin COVİD-19-un uyğunluq auditi perspektivindən təsirlərinin auditi mövzusunda təqdimatları dinlənilmiş və fikir mübadiləsi aparılıb.

INTOSAI-ın İnkişaf Təşəbbüsünün nümayəndəsi COVİD-19-un təcili maliyyələşdirilməsinə və Uyğunluq Auditi üzrə alt-komitə ilə əməkdaşlığa dair TAİ Audit Təşəbbüsü barədə təqdimatla çıxış edib və üzv AAQ-ların mövzu barədə suallarını cavablandırıb.

C.Həsənov çıxışında son zamanlar pandemiyanın səbəb olduğu problemlərdən söz açıb, hökumət tərəfindən görülən tədbirləri və alınmış nəticələri, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, eyni zamanda xüsusi karantin dövründə işə davamiyyətlə bağlı qəbul edilmiş qərarları qeyd edib.

Eyni zamanda, auditor 27 sentyabr tarixində Ermənistan tərəfinin Azərbaycanla təmas xəttinin iki istiqamətində təxribat həyata keçirməsi, yeni ərazilərin işğal olunması arzusunu reallaşdırmaq istəyinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması, aparılan uğurlu əməliyyatların və Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq 10 noyabr tarixində Azərbaycanın qələbəsi ilə nəticələnən bəyanat imzalanması barədə məlumat vermiş və 44 gün davam etmiş müharibə ərzində Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məntəqələrini hədəfə almasının Ermənistanın terrorçu mahiyyətini və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını nümayiş etdirdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi