Hesablama Palatası: Nazirlik gəlirin dövlət büdcəsinə köçürülməsini qismən təmin edib

Hesablama Palatası: Nazirlik gəlirin dövlət büdcəsinə köçürülməsini qismən təmin edib Mədəniyyət və Turizm Nazirliyi ziyafət xərclərinin ödənişi zamanı normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verib
Maliyyə
30 Yanvar , 2017 13:07
Hesablama Palatası: Nazirlik gəlirin dövlət büdcəsinə köçürülməsini qismən təmin edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib, auditlə əhatə olunan dövrdə qaimə fakturalarla verilməsi rəsmiləşdirilən avadanlıqlar və qeyri maddi aktivlər uçota alınmayıb.

"Report" bu barədə Nazirliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair Hesablama Palatasının keçiridiyi auditin nəticələrinə istinadən xəbər verir.

Bəzi hallarda vəsaitlərin təyinatı dəyişdirilərək xərc edilib, büdcədə bu məqsədə vəsait nəzərdə tutulmadığı halda müxtəlif qurumlara dövlət büdcəsindən maliyyə yardımları göstərilib.

Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramında (2008-2018-ci illər) xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib, nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb, filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.

Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi müvafiq qanunvericiliyə uyğun aparılmayıb,ziyafət xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verilib.

Müəyyən edilib ki, auditlə əhatə olunan dövrdə maliyyə vəziyyəti, gəlirlər və xərclər haqqında statistik hesabatda əks etdirilən bəzi məlumatlar dəqiq olmamış, xəzinə üzləşmə aktlarına əsasən mövcud olan debitor borc qalığı maliyyə hesabatında düzgün əks olunmayıb, dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerinə yetirilmiş işlərə görə podratçı təşkilatlara ödənilmiş vəsaitin uçotu düzgün hesablarda aparılmayıb, həmçinin auditin əhatə etdiyi dövr ərzində dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə debitor və kreditor borclarının məbləği balans hesabatında əks olunmayıb.

Qeyd edək ki, audit tədbiri Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305 650,8 min manat məbləğində vəsaiti əhatə edib. Audit 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Nazirlik və tabeli qurumlara ayrılmış vəsaitlərin icrasını əhatə edib.

Son xəbərlər

Orphus sistemi